Rövlan Muradov: “Bu, bizə problem yarada bilər”

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XXXIV turunda “Səbail”i məğlub edərək (2:1) ikinci pilləyə yüksəlib. “Kimyaçılar”ın futbolçusu Rövlan Muradov “FutbolPress“ə açıqlamasında qələbəni şərh etdi:

“Çətin oyun olacağını bilirdik. Şükürlər olsun, azarkeşlərimiz önündə qələbə qazanıb, onları sevindirə bildik. “Səbail” ötən oyundan avrokuboklardan uzaqlaşmışdı, ancaq bizə qarşı ciddi hazırlaşacaqlarını təxmin etmişdik. Üç oyun idi, qələbə qazanmırdılar. Buna görə istəkli göründülər”.

Muradov oyunun sonlarında qol buraxıb, təzyiq altına düşmələrinin səbəbini izah etdi:

“Son dəqiqələrdə bir az diqqət pozuntusu yaşadıq. Buna görə rəqib fərqləndi və oyun daha gərginləşdi. Hesabı daha da artıra bilərdik, amma şanslarımızdan yararlana bilmədik”.

“Sumqayıt” çempionatda növbəti oyunu avrokuboklara vəsiqə yolunda əsas rəqiblərindən “Sabah”a qarşı keçirəcək. Rövlan səfər görüşü haqda fikirlərini bölüşdü:

“Sabah” avrokuboklara real namizədlərdəndir. Çətin görüş olacaq. Matça ciddi hazırlaşıb, bizə sərf edən nəticə qazanmaq istəyirik.

Çalışırıq ki, təzyiqi üzərimizdən ataq. Çünki bu, bizə problem yarada bilər. Bu məsələdə məşqçilər heyəti də bizə kömək olmağa çalışır. İstəyirik ki, öz oyunumuzla yaxşı nəticə əldə edək. Hər şey öz əlimizdədir. Qarşıdakı iki oyunu qələbə ilə başa vurub, avrokuboklara getmək istəyirik. Qismətimizdə nədirsə, o olsun”.

Şahin Cəfərov