Romantizm bitdi, praqmatizm başlayır…

16 ildən sonra dəyişilən AFFA rəhbərliyindən ilk böyük addım da atıldı – İcraiyyə Komitəsinin iclası keçirildi.

İlk dəfə idi ki, iclas 4 saat çəkirdi. Bu amili qabartmağın simvolik və real ifadəsi oxşardır – iş/proses gedir. Yəni əvvəl bu məsələlər formal idisə, indi realdır…

İclasdan gözləntilər həddən çox olsa da, demək olar ki, 99% elə olmadı. Bunun da bir izahı var – artıq romantizm (aldadıcı cəlbedici qərarlar) bitib, praqmatizm başlayır (real imkanlara uyğun effektiv addımlar).

Daha yaxşı ola bilərdimi? – bəli. Millinin baş məşqçisi məsələsinin bu qədər uzanması mənasızdır, uşaq futboluyla bağlı qərarlar daha intensiv ola bilərdi və s. Lakin görünür, AFFA hələ tam “çistka” olunmayıb, tormozlanma əlamətləri var… Və olacaq da.

Az məhsuldarlığıyla diqqət çəkən ilk iclas haqda təəssürat neqativ deyilsə, bu, hələ də keçmiş rəhbərliyə olan qəzəbə görədir. Yenilər fundamental təsirlər göstərmək üçün növbəti iclasda müəyyən tutarlı qərarlar qəbul etməlidir.

Yeni rəhbərliyin gec “oturuşması” sırf proqramsızlıq, strategiyasızlıqdan qaynaqlanır. Bu amil özünü aşkar büruzə verir, lakin həm media, həm ictimaiyyət yuxarıda qeyd olunan məqama görə loyaldır – futbolumuz çox pis idarə olunurdu, indi isə ümid var.

Pozitiv reaksiyalar da sırf o ümiddən qaynaqlanır. Yoxsa Premyer Liqada komanda sayının artırılmamasını anlayışla qarşılaşdıqları kimi, tam əksi də ola bilərdi..

Kuluarlarda ciddi araşdırmaların getdiyi, canfəşanlığın olduğu, “yenilərin” futbolu düzəltmək istədiyi haqda eşidilir. Avazı yaxşı gəldiyi üçün praqmatikliyə pis reaksiya olmadı, yoxsa praqmatizm bu coğrafiya üçün deyil; nə olur olsun, qəbul etməzdilər.

Legioner limiti, PL-də komanda sayının artırılmasının I Divizionun səviyyəsini artırmaqdan keçməsi kimi fikirlər göstərir ki, proqramsızlıq, strategiyasızlıq problemdir və əvvəlcə bu həll olunmalıdır.

Elçin Cəlilov