“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks” komandası ilə duellərdən məğlub ayrılıb – 0:1, 0:1.
Hər iki oyun eyni ssenari ilə başa çatdı. “Sabah” yaxşı başlayır, qırmızı vərəqə alınır, rəqib hesabı açır və son. Bu dəfə Konfrans Liqasında son oldu.
İlk oyundan sonra baş məşqçi Krunoslav Renduliç qırmızı vərəqənin planlarını pozduğunu, 10 nəfərlə mübarizənin çətinliyindən dəm vurdu. Daha sonra çempionat oyunu və bu dəfə yenə məğlubiyyət. “Zirə” ilə həmin görüş (0:2) sonrası da məşqçinin açıqlamaları aşağı-yuxarı eyni minvalda oldu: “Penalti planlarımızı pozdu. Ona qədər yaxşı oynayırdıq”.
“Sent Patriks”lə görüşdən öncə mətbuat konfransında məğlubiyyətə baxmayaraq, şansların bərabər olduğunu bildirən mütəxəssisin ifadələrində, simasında inam var idi. Tək Renduliç yox, hamı “Sabah”ın rahat qələbəsini proqnozlaşdırırdı, ancaq… Bu arada, yaxşı deyirlər, sən saydığını say…
Renduliçin komandası yenə “Sent Patriks”ə məğlub oldu. Bu dəfə 7 minə yaxın azarkeş dəstəyini arxasına almağa baxmayaraq… “Bank Respublika Arena”da tribunalarda yaxşı atmosfer yaradılmışdı, hücuma çıxan kimi fanatların çağırışları, rəqibi təzyiq altına almaq cəhdləri və s. Lakin ssenari təkrarlandı. Yenə qırmızı vərəqə və fasilədən sonra gələn qol. “Sabah” yenə məyus ayrıldı arenadan.
Mətbuat konfransında iştirak edən baş məşqçi rahat görünürdü. Açıqlamaları isə sanki mərhələ adlamış mütəxəssisə xas idi: “Biz daha yaxşı oynadıq, futbolçularım döyüşdü, çalışdı”. Nəticə? Məğlubiyyət, mərhələni onlar adladı, siz bacarmadız. Haqqını vermək lazımdır, “Sabah” yaxşı başlamışdı, amma cəmi 20 dəqiqə çəkdi. Açıqlamasında birinci saniyədən hücumu fikirləşəcəyik deyən Renduliçin komandası 20 dəqiqəyə demək olar, 100 faizlik epizod yarada bilmədi. Top çevirmə, arxaya atılan toplar, cinahlardan reydlər və s. hamısı da yarımçıq qaldı.
“Sabah”ın uğursuz oyunlar seriyası az olmayıb. Amma budəfəki kimi istəksiz, yorğun komanda xatırlamıram. Sanki hamı gözləyirdi ki, oyun bitsin, bir az dincələk. Yarımmüdafiə xətti səhvlər toplusu, hücumda top saxlamaq olmur, ötürmələrin 50 faizi səhv. Yəqin, Renduliç kənardan görünməyən şeyləri görə bilib ki, futbolçularının döyüşdüyünü, çalışdığını söyləyib.
“Sabah”ın növbəti rəqibi çempionatda “Neftçi” olacaq. Düzdür, demək olar, “ağ-qaralar” da forma baxımından onlardan daha yaxşı deyil. Amma bu “Sabah” daha istəksiz, yorğun, formadan uzaqdır. Renduliç bərpanın reseptini qısa zamanda tapmalı, daha əzmkar, qələbəyə ac komanda yaratmalıdır. Əks halda, xorvatın Bakı günləri qışa qədər çəkməyəcək.
Şahin Cəfərov