Renduliç xorvatlara “Zirə”dən danışdı

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Xorvatiya mətbuatına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Azərbaycan təmsilçisi “Zirə”nin bu ölkənin “Osiyek” komandasına qarşı keçirəcəyi görüşlə bağlı danışıb. Renduliç “qartallar” haqda bunları deyib:

“Zirə” nəticəyə oynamağı bilən ciddi komandadır. Xorvatiyada Azərbaycan futbolu haqda çox şeyi bilmirlər. “Zirə” yaxşı oynayır, az qol buraxır, hücumda isə daha effektivdir. Müdafiədə Ruan Renato kimi təcrübəli stoperləri var. Hücum xəttində Junior Martinsi qeyd etmək olar. Yaxşı sürətə və əla driblinqlərə malikdir. Həm sağ cinahda, həm də sol cinahda oynamağı, mərkəzə meyillənməyi, uzaqdan zərbələr endirməyi bacarır. “Osiyek”i narahat edə biləcək digər məqam gürcü hücumçu Davit Volkovdur.

“Osiyek” keyfiyyətli komandadır və “Zirə”ni keçə bilərlər, ancaq çox ciddi yanaşmalıdırlar. “Zirə”nin öz stadionu Avropa standartlarına uyğun deyil və fərqli stadionda oynayacaqlar. Bu, “Osiyek” üçün cüzi üstünlükdür”.

Qeyd edək ki, Renduliç futbolçu karyerasında 1992-1994 və 1995-1997-ci illərdə “Osiyek”də forma geyinib.