“Real”ın sabiq baş məşqçisi vəfat etdi

“Real” daxil olmaqla bir çox klubda fəaliyyəti ilə tanınan hollandiyalı baş məşqçi Leo Beenhakker 82 yaşında vəfat edib.

Futbolpress.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi baş verənlərdən kədərləndiklərini bildirərək açıqlama verib və keçmiş məşqçilərini “tarixi məşqçi” kimi qələmə veriblər.

Beenhakkerin rəhbərliyi altında “Real” 1986-1989-cu illər arasında üç İspaniya çempionluğu və bir İspaniya Kuboku qazanıb. Beenhakker bir neçə ildən sonra Madridə qayıdıb, lakin ikinci səfəri yeni uğurlar gətirməyib.

Beenhakker “Ayaks” və “Feyenord”  ilə də kuboklar qazanıb. O, həmçinin Trinidad və Tobaqonun 2006-cı ildə ilk dəfə Dünya Kubokuna vəsiqə qazanmasına kömək edib.