“Real”ın çempionluğu “Qarabağ”a “yaşıl işıq” yandırdı

“Real” Çempionlar Liqasında 2023/2024 mövsümünün qalibi olub. “Kral klubu” həlledici görüşdə Dortmund “Borussiya”sını iki cavabsız qolla məğlub edərək, tarixində 15-ci dəfə bu titulu qazanıb.

“Real”ın çempionluğu isə yeni mövsümdə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın II təsnifatdan mübarizəyə başlamasına səbəb olub.

“Qarabağ”a “yaşıl işıq”

Belə ki, turnir 2024/25 mövsümündən yeni formatda keçiriləcək. Əvvəlki illərdə olduğu kimi 4 komandalı qruplardan deyil, “İsveçrə sistemi”ndən istifadə olunacaq. Yəni, komandalar artıq qrupdakı kimi 6 yox, 16 matç keçirəcək. 8 komandaya qarşı həm evdə, həm səfərdə mübarizə davam edəcək.

Daha əvvəl 32 komanda yarışırdısa, bu dəfə say 36 olacaq. Əlavə 4 yerin sahibi isə bu komandalar olacaq:

  1. UEFA-nın ölkə sıralamasında beşinci olan çempionatın üçüncüsü
  2. “Çempionlar Yolu” adlanan pley=off sistemindən gələn komanda.
  3. 2023/2024 mövsümündə UEFA yarışlarında ən xal toplayan iki ölkənin komandaları. Məsələn, İngiltərə və ya Fransa çempionatından Çempionlar Liqasına yollanan komandalardan sonrakı yeri tutan bir klub.

“Real”ın çempionluğunun “Qarabağ”a təsiri necədir?

Madrid təmsilçisi La Liqada qalib olub və finaldan öncə də Çempionlar Liqasındakı yerini tutub. Belə olan halda, onların əvəzinə daha bir komanda turnirə yollanmalıdır. Bu isə turnirin təsnifat mərhələlərində iştirak etməli olan və ən çox reytinqi olan komandadır. Hazırda bu yerin sahibi Ukrayna təmsilçisi “Şaxtyor”dur. Donetsk təmsilçisi buna qədər turnirə pley-off mərhələsindən başlamalı idisə, indi əsas mərhələdəki yeri təmin olunub.

“Şaxtyor”un birbaşa vəsiqə əldə etməsiylə avtomatik olaraq 2-ci təsnifat mərhələsinin ən çox reytinqi olan komanda onu pley-ofda əvəz etməlidir. Bu isə Xorvatiyada çempion olan “Dinamo”nun bu raunda yolunu açmış olur.

Zaqreblilərin pley-offa yollanması ilə onun yerini II təsnifatda tutmalı komandaya ehtiyac yaranır. Bu isə I təsnifatda iştirak edənlər arasında ən çox xala sahib komanda olacaq. Bununla da I təsnifatın ən çox xala sahib olanları “Ferentsvaroş”  (Macarıstan, 35 000) və “Qarabağ” (Azərbaycan, 33 000) olacaq. II təsnifat mərhələsində ümumilikdə 24 komanda mübarizə aparacaq. Azərbaycan çempionu püşkatmada səpələnmişlər sırasında yer alacaq və nisbətən daha zəif rəqiblərlə qarşılaşacaq. Yeni mövsümdən Çempionlar Liqasının əsas mərhələsinə təsnifatdan 5 komanda yüksələcək.

Əsas mərhələdə ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü yerləri tutanlar isə pley-off mərhələsində üz-üzə gələcək. 9 ilə 16-cı pillə arasındakı komandalar səpələnmişlərdə olacaq və 17-24 arasında qərarlaşan kollektivlərlə qarşılaşacaq. 24-cü sıradan sonrakılar isə Avropa Liqasına yollanacaqlar.