“Razminka” davam edir – Almaniya! (TƏƏSSÜRAT)

Dünəndən Almaniyadayıq. ETOPAZ Qətərdə keçirilən Dünya Çempionatının İspaniya – Almaniya oyununa (1:1) səfər təşkil etdiyi kimi, AVRO-2024 üçün də layihəni gerçəkləşdirdi.

Biz Dortmundda keçiriləcək Türkiyə – Gürcüstan oyununu canlı izləməkçün burdayıq.

Dortmundda hava limanı olmadığı üçün Düsseldorfda məskunlaşmışıq.

Dünyanın ən böyük sənaye ölkələrindən birinin ən böyük sənaye şəhərlərindən birində elə yaşıllıq, elə təmiz hava var ki, heç Lerikdə, Şəkidə belə deyil.

Düsseldorf bizi yağışlı havayla qarşıladı. Günorta yağdı, axşamayaxın gün çıxdı. Bu dəyişkən havada rəngarəng futbol mənzərələrinin içindəydik…

Düsseldorfda Avstriya – Fransa (0:1) oyunu keçirildiyi üçün şəhər mərkəzi qaynayırdı. Düzü, şəhərə yeni qədəm qoyanda, hava limanından məskunlaşacağımız otelədək, “heç Avropa Çempionatı ab-havası hiss edilmir” deməkdəydik – əsrarəngiz Reyn çayının sahilində qurulmuş fan-zona və digər gur yerləri görənədək…

Otelimiz o qədər sakit, ekoloji təmiz bir yerdədir ki, hətta çılğınlığıyla tanınan şotland azarkeşlər də bu sakitliyə qərq olub. Mən isə onların soyuq iqlimdə yaşamalarına rəğmən nədən kilt geymək ehtiyacını düşünməkdəydim. Ta ki həmkarım İlkin Fikrətoğlu vəziyyəti şərh edənədək: “Onlar bu geyimdə özlərini rahat hiss edirlər; ən azı, “camaatın anası-bacısı var” deyənləri yoxdur.

Camaat YAŞAYIR! Yaşamağı bacarır…

Bir neçə saat sonra 70 km. məsafədəki “Signal İduna Park”a gedəcəyik. Qardaş-qonşumuz Türkiyə ilə “bico” qonşumuz Gürcüstanın oyununa baxmağa…

2015-ci ildə bu möhtəşəm stadionda olmağımıza “Qəbələ” səbəb olmuşdu. “Qarabağ” da o stadionda avrokubok matçına çıxıb. Klub səviyyəsində yad deyilik…

Allah yeni AFFA rəhbərliyinə insaf, zehin açıqlığı versin. Buraxılmış səhvlər təkrarlanmasa, peşəkarlıq önəmli olsa, milli komanda ilə də AÇ, DÇ üzü görə bilərik. Ən azı, qonşudan qalma dala… Oyundan sonra yenidən görüşərik.

Elçin Cəlilov

P.S.

Keçən yarım ildə ikisi “Qarabağ” səbəb olmaqla, bununla üçüncü dəfə Otto fon Bismarkın vətənindəyik. Bunu rəhmətlik Böyükağa Haciyevin tərzində ifadə edim: Almaniya!

Az əvvəl Qətər-2022-ni də xatırladım. Bir sözlə, ETOPAZ-la “razminka” ən yaxşı formada gedir; böyük yarışlarda iştirakımızın sayı yuxarı, əmsalı aşağı – gün o gün olsun, millimizi görməyin əmsalı da aşağı ensin..!