Rauf Hüseynli: “Ədalətli nəticə heç-heçə idi”

“Kəpəz” Premyer Liqanın XXX turunda evdə “Araz-Naxçıvan”la qolsuz heç-heçəyə razılaşdı.

Bu oyunda aktivinə 1 xal yazdıran “sarı-göylər” artıq “Səbail”i 8 xal qabaqlayır.

Gəncə təmsilçisinin futbolçusu Rauf Hüseynli “Futbolpress.az”a açıqlamasında oyun haqda fikirlərini bölüşdü:

– Yaxşı oyun oldu və layiqli mübarizə apardıq. Bizim üçün çətin idi. Düşünürəm ki, ikinci hissədə daha yaxşı performans sərgiləyə bildik. Bizim də onların da epizodları oldu. Sadəcə, fürsətlərdən heç birimiz istifadə edə bilmədik.

– Hansınız qələbəyə daha yaxın idiz?
– Fikrimcə, bizim daha çox 100 faizlik qol epizodlarımız oldu. Fərqlənə bilərdik, amma alınmadı. Elə görüşün ədalətli nəticəsi heç-heçə idi.

– Camal Cəfərovun yüz faizlik 3 epizodu oldu, ancaq dəyərləndirə bilmədi. Bu barədə nə deyə bilərsən?
– Camalın “Səbail”lə görüşdə sonradan meydana girib fərqlənməyi yadıma düşür. Komandaya təkcə hücum yox, həm də müdafiə baxımından da kömək olduğuna görə belə şeylər olur. Hər oyunçunun problemidir. Təkcə Camalda epizodlar olmadı.

– “Səbail”ələ xal fərqini 8-ə yüksəltdiz. Demək olar ki, “Kəpəz” artıq elitada qaldı?
– Hər şey ola bilər. Bu futboldur. Biz növbəti oyuna köklənirik. Bu haqda fikirləşmirik. Növbəti turda “Şamaxı”ya qarşı çətin oyunumuz var. Bugünkü nəticəni yaddan çıxarıb, həmin oyuna köklənməyə çalışırıq.

– “Şamaxı”ya qalib gələ bilsəz, 7-ci pilləyə yüksələ bilərsiz. Matçla bağlı gözləntilərin nədir?
– Çətin olacaq. Meydana çıxıb yaxşı mübarizə aparmalıyıq. Hər oyunda olduğu kimi, bu görüşdə də 3 xal üçün mübarizə aparmalıyıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

– “Kəpəz” 7 oyundur ki, öz meydanında məğlub olmur. Səncə, oyunlar Tovuzda yox Gəncə olsaydı, statistika daha yaxşı ola bilərdi?
– Nəsə demək çətindir. Amma təbii ki, oranın atmoseferi başqadır. Yəni bizim üçün daha rahat olardı və daha çox azarkeş gələrdi. İnşallah ki, növbəti mövsüm elə olacaq.

– Təbii örtüklü meydançada məşq keçib, sünidə oynayırsız. Bu, komandaya necə təsir edir?
– Təbii ki, meydançanı dəyişdikdə zədələr daha çox olur. Təbii örtüklü meydançada oynamaq daha yaxşıdır. İnşallah ki, bu problem də gələn il öz həllini tapacaq.

– Oyunda zədələndin. Durumun necədir?
Bir az ağrı hiss etdim. 70-ci dəqiqədən bunu hiss edirdim. Sadəcə dözmədiyimi gördüm, ona görə də əvəzlənmək istədim.

Mirkamal Kazım