“Sabah” və “Zirə” Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirib. “Zirə” Xorvatiyada “Osiyek”lə heç-heçə edib (1:1), “Sabah” isə İrlandiyada “Sent Patriks”ə məğlub olub (0:1).
Azərbaycan yığmasının sabiq futbolçusu Rauf Əliyev “FutbolPress“ə açıqlamasında komandaların oyunlarını dəyərləndirdi:
“Nəticələr baxımından düşünürəm ki, həm “Sabah”ın, həm də “Zirə”nin şansı var. “Zirə” heç-heçə etdi və mərhələ adlamaq şansı daha çoxdur. “Sabah”da isə yaxşı futbolçular var, legionerləri də pis çıxış etmir. Fikrimcə, onlar da evdə sərfəli nəticə qazana bilərlər. 0:1 böyük hesab deyil və keçmək olar”.
Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” isə III təsnifatın ilk oyununda Bolqarıstan “Ludoqorets”inə uduzub – 1:2. Əliyev “atlılar”ın da məğlubiyyətə baxmayaraq, şanslarının davam etdiyini söylədi:
“Qarabağ”ın da digər komandalarımız kimi şansı davam edir. Çünki bu komanda səfərdə daha yaxşı oyunlar keçirib. Güclü “Braqa”ya qarşı matçlarını misal çəkmək olar. Düşünürəm ki, onlar da səfərdə qələbə qazanaraq, mərhələ keçə bilərlər”.
Şahin Cəfərov