Rafiq Hüseynov: “Olimpiya Təsnifat turniri bizim üçün ağır sınaq olacaq”

Rafiq Hüseynov: “Olimpiya Təsnifat turniri bizim üçün ağır sınaq olacaq”

Mayın 9-dan 13-dək Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri baş tutacaq. Yığmanı bu turnirdə qadın və yunan-Roma güləşi üzrə milli komandalar təmsil edəcək. Artıq yarışda çıxış edəcək azərbaycanlı güləşçilərin adı da məlumdur. Yunan-Roma yığmamızda Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024-ə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar. Qadın millimizin 5 güləşçisi də Türkiyədə xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) lisenziya üçün yarışacaqlar.

Yunan-Roma millimiz üzvü, dünya və Avropa çempionu Rafiq Hüseynov “FutbolPress“ə açıqlamasında turnirə hazırlıq barəsində danışdı:

“Hazırda lisenziya turnirinə hazırlıqları Bakıda keçirik. Bundan əvvəl Qubada yaxşı məşqlərimiz oldu. Ayın 7-də İstanbula yollanacağıq. Hələki hər şey qaydasındadır. Zədəm haqda düşünmürəm. Çünki zədəli halda qalib gəldikdə hamı səni təbrik edir, deyir halaldı, amma məğlub olduqda heç kim demir ki, zədəsi olduğu üçün uduzdu. Çalışıram bu haqda düşünməyim. Zədəm olsa belə, psixoloji cəhətdən mənə narahatlıq vermir”.

Hüseynov turnirin onlar üçün son şans olduğunda əllərindən gələni edəcəklərini qeyd etdi:

“Olimpiya Təsnifat turniri bizim üçün ağır sınaq olacaq. Olimpiada üçün son şansımızdır. Ölkəmizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. İnşallah ki, zəhmətimiz yerdə qalmaz. Düşünürəm ki, 4 güləşçinin hər biri lisenziya almağa layiqdir. Ümid edirəm ki, uğurlu çıxış edəcəyik. Turnirdə əsas rəqiblərin gürcüstanlı, erməni, Belarus və İsveç təmsilçisidir. Hazırda lisenziya qazana bilməyən güclü güləşçilər var. Düşnürəm ki, qarşılaşmalar çətin olacaq”.

Olimpiya mükafatçısı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yunan-Roma yığmamızın nəticəsini şanssızlıq adlandırdı:

“Təbii ki, yunan-Roma millisindən hər zaman gözləntilər yüksək olub. Açığı, son lisenziya turnirindəki nəticə uğursuzluq yox, şanssızlıq adlandırmaq daha doğru olar. Yığmamız daim öz sözünü deməyi bacarıb. Nəzərə almaq lazımdır ki, qeyri-olimpiya çəkilərində Avropa və dünya çempionatında qızıl medallar çox olur. Düşünürəm ki, lisenziya turnirində Nihat Məmmədli ilə, Beka Kandelake şanssızlıqdan dolayı məğlub oldular. Çalışacağıq ki, güləş milllimizin adını yüksəklərdə tutaq”.

Məlik Məlikov