Azərbaycan Kubokunun finalı çərçivəsində keçiriləcək “Qarabağ” – “Zirə” oyunundan əvvəl qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşdü:
– Mövsümün son oyunudur. Finaldır. Finalda hər zaman bayram əhval-ruhiyyəsi olur. Oyuna böyük diqqət var. Azarkeşlər oyuna maraq göstərir. Maraqlı görüş olacaq. 2 il əvvəl də finalda qarşılaşmışdıq. Penaltilər seriyasına qədər mübarizə davam etdi. Sonda qələbə rəqibin oldu. İstərdim, bu il də maraqlı oyun olsun. Rəqib ciddidir. Avropa Liqasının 1/8 finalına qədər oynayan komanda ilə qarşılaşacağıq. Oyundan əvvəl danışmaq çətindir. Adətən oytundan əvvəl az danışmağı sevirəm. İnşallah, qələbə qazanan biz olarıq.
– Penaltilərə seriyasına hazırsınız?
– Finalda hər şey ola bilər. Belə matçlar gərgin olur. Sabah nəyin olacağını demək çətindir. Düşünürəm ki, uğurlu nəticə qazanırıq.
– Avropa Liqasındakı potensial rəqibləriniz bilindi. Onlar sizi izləyəcəklər. Öz əzəmətinizi göstərmək baxımından bu sizə daha da motivasiya verə bilər?
– Əvvəldən nəsə demək çətindir. Onlar haqda düşünmürük. Uğurlu olduğun halda rəqiblərin ciddi yanaşacaq. Onlara qarşı oyunlar fərqli olur. Bütün fikirimiz “Qarabağ”la oyunda olacaq.
– Titul qazanmamısınız. Bu sizə nə dərəcədə motivasiya verir?
– Hədəflərimizə çatmışıq. Konfrans Liqasında oynamağı hədəfləmişikdik, amma Avropa Liqasında oynayacağıq. Beşinci olsaydıq, bəlkə də sabahkı oyun fərqli olacaqdı. Amma ikinci olduq. Titul qazanmaq istəyirik, amma rəqib “Qarabağ”dır. Bu il “Qarabağ”la 4 oyunda 1 qələbə qazanmışıq. Sabah da onların əsas heyəti meydanda olacaq. Biz də “Qarabağ”a qarşı pis oynamamışıq. Bəzən dəqiqlik çatmayıb. Sabah hər şey ola bilər. Proqnoz vermək çətindir.
– 2 il əvvəllə müqayisədə komandanızı necə dəyərləndirərdiniz?
– Hər iki komanda inkişaf edib. Həmin dövrdə də “Qarabağ”ın yaxşı hücum xətti var idi. “Qarabağ” bu il də yaxşı nəticələrə imza atıb. “Zirə” də çox inkişaf edib, tarixinin ən yaxşı nəticəsini qazanıb. Həm ikinci olduq, həm də kubokun finalına vəsiqə qazandıq.
– Komandadakı rahatlığı üstünlük kimi saymaq olar?
– Bəzən faydası ola bilər. Amma bunu oyundan sonra dəyərləndirmək olar.
Məlik Məlikov