Rəşad Sadıqov: “Qələbə çox vacibdir”

Konfrans Liqasının pley-off mərhələsində sabah keçiriləcək “Zirə” – “Omoniya” oyunundan öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Birinci oyunda böyük hesabla uduzmuşuq. Fərqli atmosferdə oyuna hazırlaşmaq istərdik. Məyusluğumuz var. Əlimizdən gələni edəcəyik ki, nəticə bizim üçün müsbət olsun. Qələbə çox vacibdir. Son oyuna kimi avrokuboklarda çıxışımız uğurlu alınırdı. Komandamdan əzmkar, baxımlı oyun gözləyirəm.

– İlk oyundakı məyusluğu üzərinizdən ata bilərsiniz?

– Ardıcıl məğlubiyyətlər aldıq. Tək “Omoniya” ilə matç deyil. Gözləntilərimiz belə deyildi. Futbolda belə hallar olur. Kiprdəki matçda da buraxdığımız qollara baxsanız, görərsizəniz belə deyildik. Həmin gün bizim üçün alınmadı. Yorğunluq, erkən buraxılan qollar… Kollektiv olaraq oyunları unutmuşuq, irəli baxırıq. İstər-istəməz məğlub olanda məyusluq bir müddət qalacaq. Sabahkı oyuna tam köklənirik. Qələbə çox vacibdir. Əlimizdən gələni edəcəyik ki, ilk oyundakı nəticəni unutduraq.

– Sabahkı oyuna necə köklənmisiniz?

– Hər top, epizod uğrunda mübarizə aparacağıq.

– Pley-off mərhələsinə qədər gəldiniz. Bu, sizin indiyə qədərki karyeranızın zirvəsidir?

– Həm ötənilki gümüş medal, həm də pley-off mərhələsinə yüksəlmək hələki məşqçi karyeranın zirvəsidir. Bunları əldə etməyimdə futbolçularım böyük pay sahibidir. Onlar olmasaydı, bunlara nail ola bilməzdim.

– “Qarabağ”ın şanslarını necə dəyərləndirirsiniz?

– Bərabər. Səfərdə qələbə qazanılsaydı da, belə düşünəcəkdim. “Qarabağ” səfərdəki oyunu təkrarlamalıdır. Bu gün “Dinamo”nun da necə oynayacağı vacibdir. İnanıram ki, şansımız olacaq. İlk qol 60-cı dəqiqədə də vurulsa, şans qalacaq. Nəticə nə olur olsun, azarkeşlərin komandaya güvənməsi önəmlidir.

Şahin Cəfərov