Rəşad Sadıqov: “Özümüzə də belə penalti istəmərəm”

Azərbaycan Premyer Liqasının XI turunun “Araz-Naxçıvan” – “Zirə” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Gərgin mübarizə şəraitində keçən oyun oldu. İki komanda da məğlub olmaq istəmirdi. Üstünlüyümüz var idi, fasilədən sonra çox imkanlar yarada bilmədik. Belə anda kiçik səhvdən rəqib fərqlənir. Futbolçularımın mübarizəsindən razı qaldım. 1:1-dən sonra da hücum edən tərəf biz idik. Təəssüf ki, qələbə qazana bilmədik. Bir xal da pis nəticə deyil. Qələbəyə köklənmişdik, amma alınmadı.

– Fuad Bayramovun çıxışını necə dəyərləndirirsiniz?
– Mübarizə aparırdı. Lakin birinci hissədə çoxsaylı top itkilərinə yol verdi. Ola bilsin, oyun ritmindən düşüb. Hərəkətli, istəkli idi, sadəcə topla daha yaxşı olmalı idi.

– Penalti epizodunda narazı qaldınız…
– Heç öz lehimizə belə penaltinin verilməsini istəmərəm. Çünki nə zərbə var idi, nə bir şey. Ucuz penalti idi. Qaydaları bilmirəm, amma açığı, özümüzə də belə penalti istəmərəm.

– Artıq üç oyundur, qələbə qazana bilmirsiniz. Bu, nə ilə bağlıdır?
– Avrokuboklardan artıq iki ay keçib. “Turan Tovuz”a uduzduğumuz matçda onların qapısı qarşısında 6 real qol imkanı yaratmışdıq. Bundan başqa, avrokuboklardan sonra üç qələbə qazanmışıq. Sadəcə hələ ki, bu turlarda rəqiblərlə müqayisədə biz şanssızıq. Belə hadisələri ötən il də yaşadıq. Təcrübəliyik. Səbr etməliyik. Oyun baxımından problemimiz yoxdur. Qalır bunu inkişaf etdirmək.

Şahin Cəfərov