Rəşad Sadıqov: “Millimiz onun dönəmində uğurlu çıxış edəcək”

Azərbaycan Premyer Liqasının V turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyun bizim üçün yaxşı başlamışdı. Gərgin mübarizə gedirdi, bir qol epizodu da yaratmışdıq. Sonda oyun bərabərləşdi və standart vəziyyətdən qol vurdular. Sonra çalışdıq və bir qol vurub yenidən oyuna qayıtdılar. İtkilərimiz var idi, futbolçular yorğun idi. Buna baxmayaraq, mübarizə apardılar. Mövsümün ilk 12 oyununa baxanda, yaxşı olduq. Futbolçulara təşəkkür edirəm. Çempionatda 4 oyuna 6 xal yığmışıq. Düşünürəm ki, pis nəticə deyil. Futbolçuların çıxışından razı qalmışam.

– Bir an düşündünüzmü ki, çempionluq üçün mübarizə apara bilərsiz?

– “Qarabağ” illərin əməyinin bəhrəsini görür. Amma oynamaq olar, hər şey uğurlu getsə. Bu gün bizdə “Dinamo”nun (Zaqreb) şansı çatmadı. Onlar da “Qarabağ”la oyunda çoxlu qol epizodu vermişdilər, amma “Qarabağ” qol vura bilməmişdi. Bizdə isə belə olmadı. “Qarabağ” hər səhvi cəzalandıra bilir. Yenə də futbolçularım təşəkkür edirəm. Onların iradəsi, əzmkarlığı məni sevindirir. Soyuqqanlı olub, bunu davam etdirməliyik.

– “Zirə”dən yığmaya 5 futbolçu çağırıla bilərdi. Lakin Hacıağa və İsmayıl zədəli olduğu üçün dəvət almadı. Sizcə, komandanın avrokubokdakı çıxışı buna təsir edib?

– Millidə yeni baş məşqçi var. Bu futbolçular özlərini yaxşı göstərə bildilər. Təəssüf ki, zədələri olduğu üçün milliyə gedə bilmədilər. Sevindirici haldır ki, bu gün bizdən yığmaya 5 oyunçu dəvət ala bilərdi. Bu gün İsmayılı məcburiyyətdən oynatdıq. Hazırda komandada yerli oyunçu problemi var. Bunu həll etməyə çalışacağıq.

– Əlinizdə əlavə variant olsaydı, Rüstəm Əhmədzadəni əsas heyətdə yenə də oynadardınız?

– Bəli. Yaxşı reydlər etdi. Rüstəmi keçən oyunda 30 dəqiqə oynatmışdıq. Bilirdik ki, “Qarabağ”la matçda yerli oyunçu sarıdan qıtlığımız olacaq. Planımız o idi ki, “Şamaxı” və “Qarabağ” görüşlərində meydanda 90 dəqiqə oynasın.

– Transfer gözlənilir? Sizcə, Elçin Əlicanov Ruan Renatonun səviyyəsinə çata bilər?

– Futbolçuları bir-biri ilə müqayisə etmək düzgün deyil. Elçin yaxşı mənada məni təəccübləndirir. Böyük potensialı var. Bugünkü Elçin “Kəpəz”dəki Elçindən daha yaxşıdır. Çalışqandır, istəklidir. Zərurətdən onu başqa mövqelərdə istifadə edirik. Transferlə bağlı danışıqlar gedir. Ayın 9-na qədər vaxtımız var.

– AFFA-nın yeni rəhbərliyinin gəlişindən sonra hakimliyi nəzərdə tutaraq, deyirdiz ki, hər şey daha yaxşı olacaq. Sizcə, belədir?

– Səmimi qeyd edirəm, hakimlərimiz çox bacarıqlıdır. Əvvəl də demişəm. Şikayətimiz, narazılığımız bir neçə hakimlə bağlı idi. Rəhbərliyə gəldikdə, bəli, hiss olunur. Beş turdur ki, onu hiss edirəm. Ümid edirəm ki, uğurlu trayektoriya ilə inkişaf edərlər və Avropa səviyyəsində hakimlərimiz olar. Hakimlər daha soyuqqanlı olub. Keçən il ciddi gərginlik hiss olunurdu. Ümid edirik ki, belə davam edəcək.

– Azərbaycan çempionatı yeni başlayıb. Sizcə, hansı komandalar sürpriz edə bilər?

– Beş tur keçib, müəyyən şəkil formalaşır. Keçən il ilk “beşlik”də olanlar bu il də iddialı olacaqlar. Amma “Araz-Naxçıvan”la, “Turan Tovuz”un apardığı məşqçi və oyunçu seleksiyasından yayda bilinirdi ki, bu sezon daha iddialı olacaqlar. Digər tərəfdən Ayxan Abbasovun “Şamaxı”da qısa müddətdə gördüyü iş sadəcə fantastikadır. Bir ay içində birinci liqadan gələn komandanı güclü formalaşdırmaq üçün böyük bacarıq lazımdır. Onun yerində, əcnəbi olaydı, məsələ daha çox danışılacaqdı. Digər tərəfdən “Səbail” də “Neftçi”yə qarşı yaxşı oynadı.

– Fernandu Santuş mətbuat konfransında bildirdi ki, futbolçuların fiziki hazırlığı klublardakı çıxışlarından asılı olacaq. Sizcə, o, bunu deməklə, millidə baş verəcək uğursuzluğa bəhanə gətirib, yoxsa necə?

– Bəhanə deməzdim, reallıqdır. Əgər əvvəlki illərlə müqayisə etsək, milli 10-15 gün toplanış keçirdi. Elə olan halda, qlobal fiziki dəyişiklik dəyişiklik edə bilməsən də, dəyişikliklər olur. Millinin baş məşqçisinin üç gün vaxtı varsa, təbii ki, oradakı fiziki durum bizlərlə bağlı olacaq. Ola bilər ki, futbolçuların fiziki forması yaxşı olsun, oyunda ilk dəqiqələrdə qol buraxsınlar, ruhdan düşsünlər. Ola bilər ki, indiki dövrdə “Qarabağ” və “Zirə”nin oyunçuları çoxsaylı oyunlar keçiriblər, kimsə yorulub. Millinin baş məşqçisi fiziki duruma təsir edə bilməz. Azərbaycan Premyer Liqasında çıxış edən futbolçularla TOP liqalardakı oyunçunun fiziki durumu eyni ola bilməz. Futbolumuz TOP ölkələrlə, ortabab millilərlə başabaş mübarizə aparacaq səviyyədə deyil. Təki futbolçularımız fiziki və psixoloji cəhətdən özlərini yaxşı tərəfdən göstərsinlər, millinin çıxışları uğurlu olsun. Fernandu Santuşa inanıram. Millimiz onun dönəmində uğurlu çıxış edəcək və futbolumuza faydası olacaq.

Şahin Cəfərov