“Zirə” bu gün qış təlim-məşq toplanışı çərçivəsində “Şamaxı” ilə yoldaşlıq görüşü keçirib.
Futbolpress.az xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matç “qartallar”ın 3:1 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra klubun saytına açıqlama verib:
“Budəfəki qış fasiləsi əvvəlkilərdən bir az fərqlidir. 28-29 gün vaxt oldu, amma nəzərə almaq lazımdı ki, bu müddət aralığında 31 dekabr var idi. Plan qurmaq bir az çətin idi. Aydın məsələdir ki, futbolçuların çoxu həmin gün evdə olmaq istəyirdi. Ona görə də ilk rəsmi oyunumuza hazırlaşmaq üçün 15-16 gün vaxtımız var idi. Hazırlıq üçün istənilən qədər vaxt yox idi. Bu müddətə də “Şamaxı” və “Qarabağ”la iki yoxlama oyunu planlaşdırmışıq. Bu gün də ilk oyun idi, buna baxmayaraq, futbolçular məsuliyyətli və istəkli idilər. Düşünürəm ki, hər iki komanda üçün yaxşı hazırlıq oyunu oldu”.
Qeyd edək ki, mövsümün ilk yarısından sonra “Zirə” aktivindəki 30 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.