Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Zirə” – “Qarabağ” (3:2) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:
– Olduqca drammatik oyun alındı. İlk hissədə də futbolçularımız yaxşı çıxış edirdi. Təəssüflər olsun ki, 2 qol buraxdıq və hesabda geri düşdük. Amma ikinci hissədə futbolçularım daha da üzərinə qoyub, yaxşı performans göstərməyə başladılar. Uğurlu 3 qol vurduq və vacib 3 xalı qazandıq. Oyunçularımı təbrik edirəm. Qarşıda 3 gün sonra “Araz-Naxçıvan”la ölkə kubokunun 1/8 final oyunumuzdur. Ona görə də qələbəni qeyd etməyə çox vaxtımız yoxdur. Tez bir zamanda oyuna köklənməliyik.
– İkinci hissədə komandanın daha yaxşı çıxış etməsi əvəzetmələrlə bağlı idi yoxsa fasilədə sizin verdiyiniz tapşırıqlarla?
– Qeyd etmək lazımdır ki, “Qarabağ” çox sıx qrafikdə oynayır. 2 gün öncə ağır səfər oyunu və yol… Bu gün gözləyirdik ki, ikinci hissədə “Qarabağ”da dinamika aşağı düşər. Doğrudur, bu gün onu çox da hiss etmədik. Çox fəal idilər. Hətta hesab 0:2 olanda belə 3-cü qol üçün çalışırdılar. Sadəcə olaraq hər şey bizim üçün uğurlu alındı. Futbolçularımın əzmkarlığına görə təşəkkür edirəm. Vacib qələbə idi.
– Səhv etmirəmsə, keçən oyunda da “Qarabağ”a qarşı cinahlardan xüsusi hazırlaşmışdız…
– Detallara varmaq istəmirəm. Müəyyən tapşırıqlar oldu. Qələbə qazandıqda hər şey ideal görünür. Amma məğlub olsaydıq, məyus olacaqdıq. Bu gün 0:3-də məğlub ola bilərdik.
Mirkamal Kazım