Azərbaycan Kubokunun finalının “Qarabağ” – “Zirə” (2:1) oyunundan sonra qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı:
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Futbolçularımı təbrik edirəm. İlk hissədə praktiki savaş getdi. “Qarabağ”ın ilk təhlükəli hücumu qol oldu. İkinci hissədə biz irəlidə oynadıq, açıq futbol getdi. İkinci yarıdan azarkeşlər zövq aldı. Bu oyuna doğru yanaşsaq, böyüməmizə səbəb olacaq. Bir müddət sonra eyni səviyyədə olmasa da, başqa rəqiblərlə qarşılaşacağıq. Finalda “Qarabağ”a qarşı oynamaq çətindir. Sona qədər şansımızı qoruduq, alınmadı. Futbolçularla fəxr edirəm. Kubokda və finalda olduqca gözəl çıxış etdilər.
– Start heyətinizlə bizi təəccübləndirdiniz. Bu, Avropa futbolundan hansısa məşqçinin taktikası idi, ya?
– Çox məşqçilər bu tip oynayıb. Əsas plan ilk hissədə rəqibə qarşı oynamağa çalışdıq. Belə komandalar qol vurduqda, daha rahat oynayırlar. Oyun sistemi iki il əvvəlki ilə oxşar idi. Sadəcə olaraq ola bilər, futbolçular fərqli idi. Ustalıq fərqli ola bilər, amma düşüncə eyni qaldı. “Qarabağ”ı mərkəzdə qarşılamaq əsas idi. “Qarabağ” qapımıza da zərbə vurmağa əziyyət çəkirdi. Oyundan əvvəl oyunçularla danışmışdıq. Rəqibin cinahlardan təhlükəli olduğunu bildirmişdik. Ordan qol vurmağa çalışırdılar. İkinci hissədə çox fürsətimiz oldu, həmçinin rəqibin də. Ümumən oyun planı yerində idi, sadəcə dəqiqlik çatmadı.
– Avrokuboklarda hansı dəyişiklik nəzərdə tutulur?
– Hər zaman hər komandanın güclənməyə ehtiyacı var. Seleksiya işlərimiz başlayıb. Çalışacağıq, heyəti gücləndirək. Seçim eləmək qıtlıqdır. Bilmirəm, nə dərəcədə effektiv olacaq, amma güclənməyə çalışacağıq.
Məlik Məlikov