Azərbaycan Premyer Liqasının IV turunun “Zirə” – “Şamaxı” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Oyun bizim üçün uğursuz başladı. Standart vəziyyətdən qapımızda təhlükəli epizod gördük. Rəqib bizi əks-hücumda yaxaladı və möhtəşəm zərbə ilə qol vurdular. Bundan sonra üstün tərəf biz idik. Xüsusilə, ikinci hissədə möhtəşəm oynadıq. Futbolçularımın çıxışından razıyam. Üç gün əvvəl ağır məğlubiyyət almışdıq və eyni zamanda yorğunluq var idi. Oyunumuzu daha inkişaf etdirməliyik. Rəqibin qapıçısı bu gün əla çıxış etdi.
– Hakim idarəçiliyi haqda fikirlərinizi bilmək istəyirdim.
– Bir epizodda etirazım var idi. Nə üçün Azərbaycanda VAR-a 4 dəqiqə baxırlar? Oyunun tempi düşür. Əsas etirazım bununla bağlı idi. Oyunlarımız nə qədər dinamik keçsə, futbolumuz da inkişaf edər. Əlavə vaxtın da 7 dəqiqə olması az idi. Nə qədər ləngimələr var idi.
– Məğlubiyyəti “Omoniya”ya 0:6 hesablı məğlubiyyətin yaratdığı psixoloji təzyiqlə bağlayardınız?
– Oyunumuz alınmasaydı, bağlayardım. Futbolçu kimi belə şeyləri yaşamışam. Amma “Şamaxı” ilə oyunda yaxşı oynadıq. Buna baxmayaraq, qapıçını keçə bilmədik.
– Ağır məğlubiyyətlərin fəsadları daha böyük ola bilər?
– “Omoniya” ilə oyun ağır məğlubiyyət idi, razıyam. Amma bugünkü matçla bağlı bunu demək olmaz. Futbolda belə şeylər olur. Kifayət qədər epizod yaratdıq. Mənimçün vacib olan komandamın oyunudur. Bu olsa, nəticələrlə bağlı problem olmayacaq.
Şahin Cəfərov