Azərbaycan Premyer Liqasının X turunun “Zirə” – “Sabah” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Oyun gözlənildiyi kimi ağır oldu. Hər iki komanda qələbə qazanmağa çalışırdı. Matçın əvvəlində bəzi futbolçular passiv oynadı və rəqib üstünlüyü ələ alaraq, qol vurdu. Ancaq sonrakı 65-70 dəqiqə bizim nəzarətimizdə keçdi. Amma bunu qola çevirə bilmirdik. 100 faizli qol imkanları yarada bilmirdik. “Sabah” çox yaxşı, usta komandadır. Bunu hiss edirdik. İkinci hissədə daha böyük qüvvə ilə irəli atılırdıq. Yalnız sonlarda qol vurduq. Belə gedən oyunda bir xal da qazanc oldu. “Sabah” kimi komandanı üç xal önümüzə buraxmadıq. Psixoloji cəhətdən də uduzmamaq önəmli idi. Ədalətli nəticə oldu.
– Sonradan meydana daxil olan oyunçular matçın taleyini həll etdi. Ehtiyat qüvvə yetərincədir?
– Zədədlilərin sıraya dönməsi, oyuna bütün heyətlə hazırlaşmağımız yaxşıdır. Ehtiyat qüvvəmiz yaxşıdır. İkinci hissədə hücumameyilli oyunçuları meydana saldıq. Bu gün rəqibdən daha geniş heyətimiz var idi. Bu, həlledici oyun idi.
– Rafael Utziqdən razı qaldınız?
– Apardığı mübarizədən, fədakarlığından razı qaldım. Rəqiblər də bilir ki, o, bizim əsas qol silahımızdır. Ona xüsusi diqqət var. Çox istəkli idi. Rəqib müdafiəsini gərginlikdə saxlayırdı. Hesab oyuna görə oldu.
– Giorgi Papunaşvili haqda fikriniz necədir?
– Oyundan əvvəl planımız o idi ki, 60-cı dəqiqədə meydana daxil olacaq. Zədəyə görə 4 ay oynamayıb, amma çox istəklə çalışır. Bəzən ehtiyat edirəm ki, addım-addım gedək və uzunmüddətli zədə almasın. Çıxışından razıyam. Məşqlərdə də özünü yaxşı göstərir. Yaxşı da qol vurdu. Ondan razıyam.
– Son günlər milli məsələsi çox müzakirə olunur. İlqar Qurbanov bildirib ki, yığmaya tapşırıqlar oyunçu dəvət olunurdu…
– İzləyirəm. Bu sual bütün məşqçilərə verilib. Elə mövzudur ki, bu sualı bir cavabla cavablandırmaq asan deyil. Qurban Qurbanova da sual veriblər. Son illərdə ən uğurlu, ən ədalətli milli periodu onun o dövr idi. Ona da sualın ünvanlanması mənə qəribə gəldi. İlqar Qurbanovun iddialarının detallarına varmaqdan ötrü, ona sual vermək lazımdır. Ehtimal edirəm, hansı məqamları gözünün qabağında canlandırıb və bu fikri səsləndirib. Onun sözlərindən bütün məşqçilərə həmin sualı ünvanlandırmaq düzgün deyil. Periodik olaraq milliyə dəvət olunanlar birmənalı qarşılanmırdı. İnanmıram ki, sırf sifariş, zəng olsun ki, filan oyunçunu oynat. Bəzi məşqçilər təzyiq altında istəmədiyi qərarlar verir. Suallar çox olub. Elə mövzudur ki, gərək 1-2 saat təhlil edəsən, 2010-da kim dəvət edildi, hansı məşqçinin dövründə kim dəvət olundu. Kim milliləşdirildi? Sonra lazım olmadı? Daha geniş yanaşılsa, daha düzgün olar.
Şahin Cəfərov