Azərbaycan Premyer Liqasının XXXV turunun “Kəpəz” – “Zirə” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Olduqca gərgin oyunun şahidi olduq. Rəqib meydanın hər qarışı uğrunda mübarizə aparır, xal almağa çalışırdı. Biz də istəkli idik. Tovuzda, Gəncədə, regionlarda günəşli havada oynamaq çətindir. İki gün idi gəlmişdik bura. Süni örtüklü meydança da əlavə problem yaradır. Bunları hiss etdik, ancaq vacib qələbə qazandıq. Yaxşı hücumlarımız, fürsətlərimiz oldu. Son ötürmələrdə, zərbələrdə dəqiq olmurduq. Bunlar da gərginliklə bağlı idi. Oyunu qələbə ilə başa vurduq, rəqibə fürsət vermədik. Qarşıda daha vacib oyunumuz var.
– Hakimliklə bağlı fikirləriniz nədir?
– Məsələ hakimlərimizin səhv etməsi ilə bağlı deyil. Düşünürəm ki, əcnəbi referilərin olması normaldır. Fikir yaranıb ki, öz hakimlərimizə güvənmirik deyə əcnəbi gətiririk. Bəs necə olur ki, əcnəbi futbolçu gətirəndə danışılmır? Hakim sayı azdır, onlar da il ərzində çox yorulurlar. Əcnəbilərin gəlməsi yerli hakimlər üçün də faydalıdır. Bu praktikanı Türkiyədə də istifadə etdilər. Oyunlar gərginləşir və psixoloji yorulmalar ola bilər. Əcnəbi hakimlərin kiməsə zərəri olmaz. Hakimlər Komitəsi baxmalı, mövsümboyu belə yollara əl atmaq olar. Bunu problem saymıram. İllərdir, heç kim demir ki, nə üçün bizə əcnəbi məşqçilər, əcnəbi futbolçular gəlir. Futbolda belə hallar normaldır. Ancaq indi hakim məsələsi aqressiv şəkildə qarşılanır. Hakim sayı 5-6-dır. Daha çox olsa, bəlkə ehtiyac da yaranmayacaq. Bizim də yaxşı hakimlərimiz var.
Şahin Cəfərov