Rəşad Sadıqov: “Cütün taleyi ikinci oyunda həll olunacaq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sabah Konfrans Liqasının II təsnifat mərhələsində “DAC 1904″ə qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Yaxşı rəqibə qarşı oynayacağıq. Fərqli sistemləri, oyun üslubları var. Çalışacağıq, yaxşı nəticə əldə edək. Cütün taleyi ikinci oyunda məlum olacaq. Oyun rəqibin meydançasında keçiriləcək və bu, onlar üçün əlavə üstünlükdür.

– Slovakiya klubları ilə avrokuboklarda az qarşılaşmışıq. Rəqib haqda fikirləriniz nədir? 

– Rəqibin yaxşı futbolçuları var. Demək olar, heyətdə ciddi dəyişikliklər olmayıb. Sadəcə hücumçularını satıblar. Onlar haqda detallı danışmaq istəmirəm. Vacib məqam özümüzük. Hazırlıq üçün vaxtımız az olub. Düşünürəm ki, futbolçular bu oyuna hazırdırlar.

– Salif Suma ötən oyunda aldığı qırmızı vərəqə ilə “Zirə”dəki karyerasına kölgə saldı? 

– Öz karyerasına kölgə saldı. Oyuna da yaxşı başlamışdı. Bəlkə də, mərhələ keçsəydik və oynasaydı, təkliflər alardı. O, sakit oyunçu idi. Ən sakit, az danışan, fağır oyunçunun belə davranışı məni məyus edir. “Zirə”dəki karyerasına ciddi təsir olmayacaq. Bu, onun üçün böyük dərs olacaq.

– Sumaya cəza verildi?

– Mən belə şeylərin tərəfdarı deyiləm. Cəza çox şeyi dəyişmir. Düzdür, cəza olacaq. Amma mənim vərəqələrlə bağlı prinsiplərim var. UEFA və ya digər qurumlar tərəfindən verilən cəza ağır olsa, daha yüngülünü etməyə çalışacaqdır. Amma onun qovulması ilə böyük zərbə aldıq.

– Rəqibi yaxşı təhlil edə bilmisiniz?

– Tanımadığın rəqiblə oynamayana qədər nə qədər analiz etsən də, tam yaxşı tanımırsan. Biz də analiz etməyə çalışırıq. Ən gözəl analiz meydanda olacaq. İlk dəqiqələrdən sonra futbolçuların özü rəqibi hiss edəcəklər. Yaxşı istirahət etmişik. Çünki oyunçular 120 dəqiqə azlıqda oynadılar. Taktiki, texniki, fiziki cəhətdən hazırlaşmışıq. Əsas odur ki, planımız işləsin. Rəqibi “Şerif”lə müqayisə etsəm, daha təşkilatlanmış komandadır. “Şerif” daha çox fərdi ustalığa fikir verən komanda idi. “DAK 1904” oyunçular bir-birini tamamlayırlar. Möhkəm kollektivdir. Çalışacağıq ki, sabah qələbə qazanaq, üstünlük əldə edək. Sabah oyun hər şeyi göstərəcək.

– Rəqib beşli müdafiə ilə oynayırsa, siz də fərqli sistemdə oynayacaqsız? Start heyətində dəyişiklik olacaq?

– Danışsam, qarşı tərəfə məlumat vermiş olacam. Çalışacağıq ki, sabah ən ideal heyət olsun. Sonradan meydana daxil olanlara da önəm verirəm. Hansısa dəyişikliyə gedə də bilərik, getməyə də bilərik.

– “Şerif”lə matçda qazaxıstanlı baş hakimi gördükdən sonra “bizim hakimlər şükürlü imiş” deyə, düşündünüz?

– Mən həmişə hakimliyimizin səviyyəsindən razılıq etmişəm. Həmişə demişəm ki, hakimlərimiz yüksək səviyyəli oyunları idarə etməyə hazırdılar, bacarıqlıdlar. Bəzi hakimlərlə bağlı narazılığımız olub. Çünki səhvləri təkrarlayıblar. Elə səhvlər təkrarlanıb ki….Epizoda baxırsan, görürsən, amma fərqli qərar verirsən. Qazaxıstanla bizim hakimlərimizi müzakirə etmərəm. Bizim hakimlərimiz səviyyə olaraq, daha üstündür. “Şerif”lə oyunda uduzmuşuq, danışmaq çətindir. Danışacağın halda, bəhanə kimi görünəcək. Amma hakimin xeyli sayda səhvləri var idi. Bu tip, bərabərsəviyyəli oyunda, özü də azlıqda qalan rəqib üçün hakim səhvləri böyük rol oynayır. Oyunun təkrarına baxdıqda, bunlar daha qabarıq görünür. Amma məğlub olmağımızın əsas səbəbi o deyil. Azlıqda qalmağımızdır. Komandamız hesabı qorumağı bacardı. Təhlükəli epizodlarımız daha çox idi, rəqibdə elə deyildi. “Şerif” iki zərbə vurdu, qol oldu. Başqa təhlükəli qol epizodları yox idi. Həmin gün rəqibin günü idi. Hər şey onların xeyrinə oldu. Ona görə mərhələni onlar keçdi.

Şahin Cəfərov