Konfrans Liqasının pley-off mərhələsində Kiprdə keçirilən “Omoniya” – “Zirə” oyunundan (6:0) sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Oyunu şərh etmək çətindir, ağırdır. Futbolda belə oyunlar olur. Rəqibdə hər şey alınır, səndə isə heç nə. Cərimə zərbəsini dəqiq yerinə yetirib, hesabı açdılar. Sonra gözlənilməz penalti və ilk hissənin son dəqiqəsində buraxdığımız bir qol… Artıq bundan sonra oyunu dəyişmək çətin idi. Baxsan, 6 qoldan 4-ü standart vəziyyətlərdən vurulub. Bu gün rəqibdə hər şey alınırdı, bizdə isə heç nə.
– İstədiyiniz oyunu göstərə bilməməyinizin səbəbi nə idi?
– Bu gün “Omoniya” azarkeşləri qələbədə böyük pay sahibi oldu. Komandalarına böyük dəstək göstərirdilər. Bizim üzərimizdə müəyyən təzyiq yarada bildilər. Əslində, ilk dəqiqələrin öhdəsindən gələ bilmişdik. Görünürdü, oyun bərabərləşəcəkdi. Lakin cərimə zərbəsindən vurulan qoldan sonra rəqib daha inamlı oynamağa başladı, azarkeş dəstəyi artdı. Bu təzyiqin qarşısında bugünkü oyunla dayana bilməzdik. Əvvəlki matçlarda bu tip azarkeş dəstəyinə qarşı oynamamışdıq. “Osiyek” və “Omoniya”nı səviyyə baxımından aşağı-yuxarı eyni tutardım. Düzdür, Kipr klubu hücumlarda daha sürətli idi. Bu gün hər şey “Omoniya” üçün uğurlu alındı. Bizim üçün hər şey uğursuz oldu. Oyunçumuz cərimə meydançasına daxil olur, top santimetrlə xətti keçir. Belə halda, bu cür acı məğlubiyyətlər qaçılmaz olur.
Şahin Cəfərov