Rəşad Sadıqov: “Bu sarıdan ciddi problemlər yaşayırıq”

Azərbaycan Premyer Liqasının XIII turunun “Qarabağ” – “Zirə” oyunundan (4:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib…

– İlk növbədə hamını böyük zəfər münasibətiylə təbrik edirəm. Bu gün çalışdıq ki, oyundan xal və xallarla ayrılaq. Amma ilk dəqiqədən etibarən işimizi çətinə saldıq. Deyə bilmərəm ki, bu gün futbolçularım çalışmadı. İntizamlı idilər, lakin alınmadı. Sadəcə olaraq keçmişə boylansaq, avrokuboklarda “Omoniya”dan 6 qoldan 5-ni standart vəziyyətlərdən buraxmışıq. Həmçinin “Osiyek” və “Şerif”lə də eyni cür qollar buraxdıq. Bu mövsüm çempionatda da oxşar vəziyyətdi. Bu sarıdan ciddi problemlər yaşayırıq. İndi fasilə başlayır. Çalışacağıq ki, bunun üzərində işləyək.

– Oyunçuların zədələnməsi nə dərəcədə təsir etdi?
– Qismətin zədələnməsi və Məqsədin sarı alaraq ilk hissədə cinah müdafiəçilərinin dəyişilməsi bütün planlarımızı alt-üst etdi. Zədələri nə dərəcədə ciddidir, bilmirəm.

– Qarşıdan fasilə gəlir. Bu fasilənin sizə faydası olacaq?
– Bəzən faydası olur, bəzən də olmur. Qarşıda 23 tur var. Ən azından bu oyunlara yaxşı köklənib yaxşı nəticələrlə ayrılmayıq.

– Keçən mövsümlə bu mövsümü müqayisə etdikdə hansı daha çətin idi?
– Hələ ki, çempionatın çox hissəsi irəlidədi. Ona görə də nə isə demək çətindi. Amma görünən odur ki, rəqiblər inkişaf edib. Qarşıda uzun marafon var. 4-cü sıradayıq, ümumən götürdükdə pis deyil. Amma yuxarı yerdəkilərlə xal fərqimiz çoxdu. Başımızı dik tutub qarşıdakı oyunlara köklənməliyik.

– “Omoniya”yla (Kipr) oyundan sonrakı məğlubiyyət sanki hələ də təsir edir…
– Bu dəqiqə həmin 0:6-nın təsiri yoxdu. Sanki, rəqiblərimizdə hər şey daha yaxşı gedir. Bu halı biz keçən il çempionatın ortasında da yaşamışdıq. Amma şükürlər olsun ki, rəqiblərimiz xal itkilərinə yol verdilər. Bu il də elə olacaqmı, bilmirəm. Hələ ki, səbirli olmalıyıq və yolumuza davam etməliyik. Məğlub olduğumuz oyunlarda belə oyun planında məğlub olmamışıq. Sadəcə standart vəziyyətlərdən sonra buraxdığımız qollar işimizi çətinləşdirir.

– Oyun planından razı qaldız?
– Müdafiədən razıydım. Amma duran toplarda çox çətinlik çəkirik. Bu oyunda da hər 3 qol standart vəziyyətlərdən oldu. 4-cü qolda isə artıq deyərdim ki, komanda oyundan qopmuşdu.