Konfrans Liqasının III təsnifat mərhələsində sabah keçiriləcək “Zirə” – “Osiyek” oyunundan öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Öncə Çempionlar Liqasında pley-offa yüksələn “Qarabağ”ı təbrik etmək istəyirəm. Eyni zamanda “Sabah”a da uğurlar arzulayıram. Sabahkı oyundan əvvəl danışmaq çətindir. Başa düşür ki, çətin oyuna çıxacağıq. Bunu klubda hər kəs dərk edir. Meydanda gərgin mübarizə şəraitində oyun baş tutacaq. Hər iki komanda mərhələni adlamaq üçün mübarizə aparacaqlar. Həm bizim, həm də rəqibin heyətində güclü və individual olaraq yaxşı futbolçular var ki, oyunun taleyinə təsir edə bilər. Çalışacağıq ki, hər şey yaxşı olsun. Tək məyus olduğum tərəf ot örtüyünün ideal vəziyyətdə olmamasıdır. Bu ilk belə hal deyil. “Şerif” və “Dunayska Streda” oyunları ilə müqayisədə qazon bir az da pisləşib və bu sabah hər iki tərəfin oyununa mənfi təsir edə bilər. Ümumən isə əlimizdən gələn edəcəyik ki, nəticə bizim üçün yaxşı olsun.
– “Qarabağ”ın oyununa kollektiv şəkildə baxmısız. Həmin qələbə “Zirə”yə necə təsir etdi?
– Düşünürəm ki, oyun hamı baxıb. Azərbaycan çempionu olan komandanın Bolqarıstan komandasına qarşı oyunu və göstərdiyi əzmi bizim futbolçular üzərində yüksək istək yarada bilər. Amma yenə də hər şey öz aramızdakı dueldə həll olacaq. Xırda detallar əlavə motivasiya ola bilər.
– Həm Premyer Liqada, həm də Konfrans Liqasında yaxşı çıxış edirsiz. Qarşıya hansı hədəflər qoyulub?
– Mövsüm hələ yeni başlayıb. Hədəflərdən danışmaq çox tezdir. Komanda olaraq qarşımıza bu mərhələni keçməyi hədəf kimi qoymuşduq. Hazırda yalnız sabahki matçı düşünürük. Bu görüş məşqçilər və futbolçular üçün çox önəmlidir. Qarşımızda çox yaxşı komanda olacaq. Son çempionat oyununda “Dinamo”ya son dəqiqələrdə uduzdular. Əlimizdən gələni edib, qələbə qazanmaq üçün çalışacağıq. Çempionatda da klub rəhbərliyi heç vaxt qarşımıza böyük hədəflər qoymur. Əsas futbolçuların və komandanın keyfiyyətidir. Bu səbəbdən Premyer Liqaya da uğurlu başlamışıq və ən azından avrokuboklarda yenidən çıxış etmək istəyirik. İlk turdan hiss olunur ki, bir çox klublar bu mövsüm daha iddialıdırlar. Məncə, keçən mövsümün davamı olacaq. Böyük bir fərq gözləmirəm.
– Pley-offa vəsiqə qazanılsa, yeni transfer ola bilərmi?
– Bu barədə düşünmürük. Əsas məsələ sabahki oyundur.
– Komanda daxilində sabahki oyunla bağlı narahatlıq doğuran məqam varmı?
– ”Şerif” və Dunyaska Streda” ilə ilk oyunlardan sonra narahat idim. Səfər qolu olsaydı, bu da narahatlıq verə bilərdi, amma indki vəziyyətdə heç kim üstün deyil. Xırda səhvlər həlledici ola bilər. Onlar bizim, biz də onların hər bir səhvindən istifadə edə bilərik. Sabahki qarşılaşmaya özümüzü düzgün şəkildə kökləyə bilərik.
– Cəzası bitən Salifi Sumaya “Osiyek”lə oyunda şans verəcəksiz?
– Heyətlə bağlı danışa bilmərəm. Sevindirici haldır ki, cəzası bitdi. Sabah ilk dəqiqədən də, sonradan da oyun daxil ola bilər. Əlimizdən gələni edəcəyik ki, görüşə optimal heyətlə çıxaq. Sabah önəmli gündür və bizi ağır gün gözləyir.
– Son İki ağır oyundan sonra futbolçuların hazırki vəziyyəti necədir?
– “Sabah”la oyundan sonra bərpa məşqi keçmişik. Dünən komandaya istirahət üçün şans verdik. Bu gün tam hazırlaşacağıq. Bu gün tam biləcəm ki, nə vəziyyətdədirlər.
– İlk oyundan sonra rəqibi yenidən analiz etmisiz?
– Üzbəüz qarşılaşanda yeni şeylər kəşf etdik. Oyunumuzda da hansısa çatışmazlıqlar olubsa, çalışacağıq ki, hamısını aradan qaldıracağıq.
– Meydançaların bu vəziyyətdə olmasının günahı kimdir? Klub olaraq haqqınızı tələb edə bilirsiniz?
– Təəssüf ki, biz öz meydançamızda ev oyunlarını qəbul edə bilmirik. Buranı icarəyə götürürük və ona görə də nəsə tələb edə bilmirik. Məncə, stadion rəhbərliyi bunu düşünməli idi. Meydançanı vəziyyəti “Şerif”lə matçda texnikalı futbol göstərməyə imkan vermirdi. Qeyd etdiyiniz amil çox məyusedicidir. Bu qədər maliyyə dəstəyi ayrılsa da, meydançaların vəziyyəti acınacaqlıdır. Səfərdəki oyunlarda komandamız daha rahat çıxış edirik. Ümid edirəm ki, bu amil bizə mənfi təsir göstərməyəcək.