Rəşad Sadıqov: “Bu, bizim üçün yaxşı oldu”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”ə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları deyib:

“Gərgin oyun alındı. Avrokuboklarda ilk oyunlar bu cür keçir. İki komanda da uduzmaq istəmirdi. Yekunda qol vurub, qələbə qazandıq. Cavab oyunu öncəsi cüzi üstünlüyümüz var. Bizi məsuliyyətli oyun gözləyir”.

Sadıqov Bakıda baş tutacaq cavab görüşündən gözləntilərini bölüşüb:

“Hər iki komanda indi bir-birini daha yaxşı tanıyır və hazırlıqlı olacaqlar. Bu gün çox isti idi və dinamik futbol oynamaq çətin oldu. Qarşıda bir oyun da var. Matçın sonlarına yaxın iki komandada da yorğunluq hiss edildi. Fiziki hazırlıq özünü göstərdi. Demək olar, bərabər oyun getdi və rəqib də fərqlənsəydi, təəccüblənməzdik”.

Mütəxəssis fasilədən sonra hücumu gücləndirmək istədiyini və yeni transferlərin çıxışından söz açıb:

“İkinci hissədə hücumu gücləndirməyi planlaşdırırdılar və bunu da etdilər. Düzü, bu, bizim üçün yaxşı oldu. Yenə deyirəm, hər iki komanda qol vura bilərdi. Yeni gələnlərin çıxışından razı qaldım. Onların potensialını bilirik və bundan sonra daha yaxşı olacaqlar”.