“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun sabah Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”ə (Moldova) qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Oyundan öncə danışmaq həmişə çətindir. Qarşımızdakı rəqibin gücünü başa düşürük. Səfərdə qalib gəlmişik. Rəqib bura fərqli motivasiya ilə gələcək. İlk oyundakı nəticəni dəyişməyə çalışacaqlar. Biz də yaxşı hazırlaşmışıq. Futbolçuların hazırlığı məni qane edir. Oyunçularım hazırlığımızı və bacarıqlarını sabah meydanda göstərməlidirlər. Bizi Tiraspoldakından daha gərgin oyun gözləyir. İlk matçda uduzsaydıq da, belə olacaqdı. Avrokuboklarda ikinci matçlar gərgin keçir. Birinci qol vurmaq istəyirik. Bundan sonra oyun rahat ola bilər. Bundan əlavə, hər şeyə hazırlıqlı olmalıyıq. İnşallah, mərhələni keçən tərəf biz olarıq.
– Penaltilər seriyasına hazırlaşmısınız?
– Bunu xoşlamıram. Azərbaycan Kuboku oyunlarında belə penaltilərə hazırlaşmamışıq. Hər nəticəyə, gedişata hazır olmalıyıq. Birinci oyunda məğlub olsaydıq da, bunları deyəcəkdim. İndiki məqamda ev və ya səfər oyunu anlayışı yoxdur. Rəqib bura arzulu gəlir. İstəyirik ki, hər şey 90 dəqiqədə nəticələnsin. Təbii ki, bizim leyhimizə.
– “Zirə” mərhələni keçmək, yoxsa qalib gəlmək üçün meydana çıxacaq?
– İkisi də eyni nəticədir. Oyun planı ilə bağlı suallardan məcburiyyətdən yayınacam. Çünki indi ən çox iş məşqçilərin boynuna düşür. Rəqib açıqlamalarımıza diqqət yetirəcək. Biz də həmçinin. Təbii ki, üstünlüyümüz var. Bu hər iki komandaya psixoloji olaraq təsir edəcək. Başa düşürük ki, rəqib istəkli olacaq. Çünki bir həftə vaxtları olub ki, yaxşı düşünsünlər, təhlil etsinlər. “Şerif” təcrübəli komandadır. Nəticəni öz xeyirlərinə dəyişməyə çalışacaqlar. Bizim də düşüncələrimiz, planlarımız var. Oyun planı ilə bağlı məsələləri matçdan sonra danışarıq.
– İlk matçda müdafiədə pis görünmədiz, amma hücumda dişsizlik var idi. Problem nədə idi?
– Problem olduğunu düşünmürəm. Bir neçə təhlükəli hücumumuz var idi. Qapıya bir zərbə endirdik, qolla nəticələndi. İlk yarıda Ceyhun Nuriyev topu yaxşı ram etsəydi, epizod olacaqdı. Razıyam ki, son ötürmələrdə daha dəqiq olmalıydıq. Biz də rəqibə 100 faizli epizod vermədik. Daha çox uzaqdan zərbələr vururdular. Hər iki komanda bir-birinə son fazada fərqlənməyə imkan vermirdi. Bütün komandalar yaxşı, kollektiv şəkildə müdafiə olunurlar. Nəzərə almalıyıq ki, qarşımızda qol buraxmaq istəməyən rəqib var. Çempionat oyunlarında elədir ki, 7-ci turda səhv buraxsan, 10-cu turda düzəldirsən. Avrokuboklarda bir səhv həlledici olur. Hamı ehtiyatlı oynayır. Çalışacağıq ki, sabah hücumlarımızın sayı, kəsəri daha çox olsun. Necə alınacaq, zaman göstərəcək.
– Heyətdə dəyişiklik olacaq?
– Mövsümün ilk oyunu idi. Fiziki, taktiki, texniki baxımdan futbolçularımdan çox razı qaldım. Sabah uğurlu olmaq, mərhələ keçmək niyyətindəyiksə, meydanda daha yaxşı olmalıyıq. Ola bilsin ki, Tiraspolda göstərdiyimiz oyun bizə kifayət etməsin. Hamımız bunu başa düşürük. Daha yaxşı “Zirə” olmağa çalışırıq.
– Davit Volkov yenidən komandaya qoşulub və ilk oyunda qolunu vurdu. Onda hansı dəyişiklikləri müşahidə edirsiniz?
– Tiraspoldakı oyunda matçboyu rotasiyalarla oynayırdıq. Öncə hücumda Rafael Utziq başlamışdı, daha sonra Volkov oynadı. Rüstəm Əhmədzadə də hücumçu kimi oynayırdı. Sevinirəm ki, Volkov bizimlədir. O vaxt onun getməsini istəmirdim. Futbolçu hər an komandasını dəyişə bilər.
– İlk oyundan bir həftə vaxt keçib. Komanda tam olaraq istədiyiniz kimi hazırlaşa bilib?
– Sabah ilk növbədə mental hazırlıq önəmlidir. Həftəiçi heç bir problem görmədim. Futbolçularım sabahkı oyunun məsuliyyətini tam dərk edirlər. Doğma azarkeşlər qarşısında oynayacağıq. Hamı özünün ən yaxşı oyununu oynamalıdır.
– “Zirə” gənc klubdur və azarkeş kütləsi aşağıdır. Azarkeşlərə çağırış edə bilərsiz ki, sabah sizə dəstək olsunlar?
– Azarkeşimiz az deyil, yetərincə var. Mənə görə say yox, keyfiyyət önəmlidir. Yəni azarkeşlər səni necə dəstəkləyir. “Zirə” azarkeşləri həmişə yanımızdadırlar. İstəyərdik ki, sabah tribunalar dolsun. Stadiona gəlməyənlər də televizor vasitəsilə bizi dəstəkləyəcək. Kimin imkanı varsa, bizi dəstəkləsin. Ən azından bizə dua etsinlər. Çalışaq, mərhələni birlikdə keçək.