Rəşad Sadıqov: “Bir işi bitirmək lazımdır ki, ürəkdən sevinəsən”

Konfrans Liqasının III təsnifat mərhələsinin “Zirə” – “Osiyek” (Xorvatiya) oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Çox gərgin oyun oldu. Gözlədiyimizdən də ağır keçdi. Bu mərhələdə asan rəqiblər, asan oyunlar olmur. Məni sevindirən odur ki, futbolçular gərginliyini, oyun səviyyəsini qaldıra bildilər. Onları bağrıma basıram. Azarkeşləri, klub rəhbərliyini, futbol camiəsini ürəkdən təbrik edirəm.

– Tiaqo Silva penaltilər seriyasında inamlı çıxış etdi. Ona nə demişdiniz?
– Tənqid etmişdim. “Şerif”lə oyunda penaltilər seriyasında heç nə deməmişdim, bu dəfə istədim tənqid edim, aqressivləşsin. Dedim ki, “Şerif”lə oyunun penaltilərindən narazı qalmışam. İndi özünü göstərməlisən. Halal olsun, 5 penaltidən 4-nü qaytardı. Bu, asan iş deyildi və öhdəsindən gəldi.

– Çempionat oyununun təxirə salınması ehtimalı var?
– 90 dəqiqə oyun olsaydı, etməyəcəkdik. İndi həkimlərlə danışacağıq və qısa müzakirədən sonra qərar verəcəyik.

– Rəqib məşqçi demişdi ki, “Zirə” bizə qol vura bilməz…
– Onların məşqçilərini çox bəyənirdim. Bakıdakı mətbuat konfransında dedi ki, fikirlərim yanlış anlaşılıb.

– Əlavə vaxtda nəyisə dəyişmək istəyirdiniz?
– İkinci hissədə hücumameyilli oyunçularımız var idi. Cibrilla da daim qoşulurdu. Bir az intizamlı olub, qol vurmağa çalışmalıydıq. Yaxşı fürsətlərimiz də oldu, amma rəqibin qapıçısı çox yaxşı çıxış etdi. Onu keçməkdə çətinlik çəkdik. Sonda qələbə qazanmaq çox sevindiricidir.

– Növbəti rəqibiniz “Omoniya” olacaq. Tarixi fürsəti yəqin, əldən vermək istəməzsiniz…
– Hər məşqçi mümkün qədər irəli getmək istəyər. Rəqib haqda məlumatım yoxdur. Bildiyim odur ki, “Fehervar”la oyunda üstün tərəf olublar. Elə rəqibi məğlub ediblərsə, bu, onların gücünü göstərir. Seçim olsaydı, “Fehervar”ı seçərdim, çünki “Omoniya” avrokuboklarda daha təcrübəlidir. Bu haqda danışmaq tezdir. Çempionatı oynasaq, “Araz-Naxçıvan” haqda, oynamasaq, “Omoniya” haqda düşünəcəyik.

– Hakimlərin qərarları ilə bağlı razı qaldınız?
– Oyunu yaxşı idarə etdi. Yeganə sualım oldu ki, rəqibin ikinci qolunda qayda pozuntusu var idi, ya yox. Mənə yox kimi gəlmişdi. Digər epizodlarda qərarlar doğru idi.

– Komandada sanki oyunçular penaltini yerinə yetirməkdə çətinlik çəkir. Bunun üzərində işləyəcəksiniz?
– Futbolçuların çoxu ilk dəfədir ki, III təsnifat mərhələsində oynayırlar. Bu, hazırlıqdan əlavə mental məsələlərdir. Bu gün də üç yerli futbolçumuz penaltidə uğursuz oldu. Bunlar təcrübə ilə də bağlı idi. Ümumilikdə, həm yorğunluq, həm də qapıçıların yaxşı performansı var idi. Düzü, futbolçularda sanki fikir var idi ki, penaltilər seriyasına qalmayıb. Çünki çox vaxt bu seriyalardan məğlub ayrılmışıq. Bizim qapıçımız da əla çıxış etdi. Futbolçularım üçün yaşadıqları böyük təcrübə oldu.

– Ötən mövsüm tez-tez az qol vurmağınız üçün tənqid olunurduz. Amma indi vəziyyət dəyişib. Komandada nə dəyişdi?
– Bu barədə çox danışmaq istəmirəm. Çünki nə danışsam, özümçün doğru hesab etmirəm. Çox şeyi dəyişməmişik, eyni məşqlər və metodika. Bu gün bunların bəhrəsini görürük. Komandamın oyunundan razı qalırdım. Şükürlər olsun, bu gün bu qələbələri qazanırıq. Çox detallara girmək istəmirəm.

– Penaltilər seriyasında nə hisslər keçirdiniz?
– Bu dəfə “Şerif”lə oyundakından daha rahat idim. Hər zaman çılğın sevinməyin tərəfdarı olmamışam. Bir işi bitirmək lazımdır ki, ürəkdən sevinəsən. Bəzi şəxslər çox sevinirdi, deyirdim ki, qələbə qazanaq, sonra sevinək.

Şahin Cəfərov