“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının III təsnifat mərhələsinin “Osiyek”lə oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Birinci hissədə daha çox taktiki savaşın şahidi olduq. Rəqib standart vəziyyətlərdə təhlükəli olurdu. Biz də birinci hissədə fərqlənə bilərdik. Daha sonra müdafiədən çıxanda top itkisinə yol verdik və rəqib bundan istifadə etdi. İkinci hissədə üstün tərəf biz idik. Çalışırdıq, hesabı dəyişək. Bəzi epizodlarda sonluq çətin olurdu. Bu gün məğlub olsaq da, hər şey ikinci oyunda həll olunacaqdı. Hər iki komanda 0-dan başlamalıdır.
– Rəqibin heyətində hansı futbolçu sizi təəccübləndirdi?
– Yaxşı heyətləri və məşqçiləri var. İkinci oyundur ki, təkrarlayıram. Savadlı, taktiki məşqçiləri var. Bunu “DAC 1904″ün baş məşqçisi haqda da demişdim. Rəqibdən nəyi gözləyirdimsə, meydanda onu gördüm. Futbolçularımı təbrik edirəm, rəqibə yaxşı qarşılıq verdik. Qarşıda bizi məsuliyyətli cavab oyunu gözləyir.
– İkinci oyundan gözləntiləriniz necə olacaq?
– Daha çox çempionatdakı “Sabah”la oyunu düşünəcəyik. Yarışın favoritlərindən biri ilə qarşılaşacağıq. Bütün diqqətimiz bu görüşdə olacaq. Daha sonra “Osiyek”lə oyun haqda fikirləşəcəyik. Cavab görüşündə daha istəkli rəqib gözləyirəm. Biz də eynilə qarşılıq vermək istəyirik. Düşünürəm ki, gərgin və maraqlı oyun olacaq.
– Rəqib güclü futbol oynamadı. Cavab oyununda yaxşı azarkeş dəstəyi ilə bu rəqibi məğlub etmək olar…
– Azərbaycan camiəsində belə fikir formalaşıb ki, maraqlı oyun gedirsə, hansı klubumuzla uğurludursa, dərhal fikir yaranır ki, bu rəqibə qarşı oynamaq olar. Ümumən, hər rəqibə qarşı oynamaq mümkündür, bir şərtlə, hər şey uğurlu alınsın. Top ölkələri çıxmaqla istənilən komandaya qarşı nəticə əldə etmək olar. Bu gün fasilədən sonra rəqibə üstünlük yarada bildik. Futbolçular məğlub olmaq istəmirdi. Düşünürəm ki, “Osiyek” yaxşı komandadır və yaxşı heyəti var. Bu komandayla başa-baş, bəzi anlarda üstün oynayan futbolçularıma təşəkkür edirəm. Daha əvvəl Avropa Liqasında “Şerif”lə cavab görüşündə daha istəkli komanda görmüşdük. İndi isə Bakıda daha istəkli “Osiyek” gözləyirəm.