“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.
“Futuristlər”in kapitanı Elvin Camalov “FutbolPress“ə açıqlamasında püşkü dəyərləndirdi:
“Püşkatmadan öncə də çətin rəqiblərlə qarşılaşacağımız bəlli idi. Avrokuboka vəsiqə qazanan komandaların hamısı öz ölkələrinin güclü kollektivlərindəndir. Yəni, heç bir rəqibi asan adlandırmaq olmaz. Fikrimcə, rəqiblər arasında ən çətin variantla üzləşdik. İstənilən halda, narazılıq etməyə dəyməz. Meydana çıxıb mübarizə aparmalıyıq. İnanıram ki, yaxşı nəticələrlə azarkeşlərimizi, bizə inananları sevindirəcəyik”.
“Sabah”ın səfər görüşü İsraildə davam edən müharibə səbəbindən Macarıstanda olacaq. Camalov oyunun məkanının önəmli olmadığını qeyd etdi:
“Oyunun harda olmasının fərqi yoxdur. Düzdür, rəqib ciddi azarkeş dəstəyindən məhrum olacaq. Lakin bu, onların gücünü azaltmır. İstənilən halda, bizi çətin və maraqlı oyunlar gözləyir”.
“Sabah” ilk oyunu iyulun 25-də Macarıstanda keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.
Şahin Cəfərov