Azərbaycan I Liqasında mövsüm başa çatdı. Çempionluğa iddialı olan MOİK mövsümü üçüncü pillədə başa vurdu.
“Hərbiçilər”in baş məşqçisi Qəzənfər Abbasov “FutbolPress”ə açıqlamasında mövsümün yaxşı keçdiyini qeyd etdi:
“Ümumilikdə mövsüm yaxşı keçdi. Hər üç dövrəni mükafatçılar sırasında bitirməyi bacardıq. İlk dövrəni lider kimi tamamlamağı bacarmışdıq. Mövsümün gedişində 4-cü yerə düşmüşdük, lakin yenidən toparlanıb, əvvəlki yerimizə qayıtmağı bacardıq. İl ərzində çempionluq uğrunda mübarizə aparmışıq. Lakin sona yaxın bəzi səhvlər çempion olmağımıza mane oldu. Sona iki-üç tur qalmış çempionluq mübarizəsindən “qopduq”.
Abbasov komandadakı gələcəyi ilə bağlı qərarın verilmədiyini qeyd etdi:
“Komandadakı gələcəyimlə bağlı rəhbərlik qərar verəcək. Biz məşqçiyik, öz işimizi gördük. Bu komanda olmasa, başqa kollektivdə da olsa, məşqçilik edəcəyik. Sadəcə MOİK-də rəhbərlik mənimlə işləmək istəsə, qalacam. Lakin mənim də rəhbərlik qarşısında tələblərim olacaq. Onu qarşılaya biləcəklərsə, işləyəcəm. Qarşılıqlı müzakirələr olacaq, ortaq məxrəcə gəlsək, yolumuza davam edəcəyik. Qalsam, çempionluq uğrunda yenidən mübarizə aparacağıq. Öz iddiamızda olacağıq. Komandada cidd dəyişiklik etmək fikrimiz yoxdur. Heyəti daha da gücləndirib, çempionluq uğrunda mübarizə aparacağıq”.