Azərbaycan Premyer Liqasının II turunun “Sabah” – “Zirə” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Hər iki komanda əzmkar oyun göstərdi. Bu gün “Sabah” da qələbə qazana bilərdi, sadəcə biz daha dəqiq olduq. Çempionat üçün vacib üç xal qazandıq. “Sabah”la həmişə oyunlar çətin olur. Şükürlər olsun, vacib üç xal qazandıq.
– Eldar Quliyev Azərbaycan pasportu almağı istəmədiyini deyib. Onunla bu haqda danışmısınız?
– Bu barədə xeyli danışmışıq. Ukraynada doğulub və özünü ora vətəndaşı kimi hiss edir. İstəyir ki, bu milliyə düşsün. Bunun üçün can atır. Bəlkə də, onun yerinə başqası olsa, deyər Azərbaycan yığmasında oynayım, sonra nə olar, olar. Soyuq və sərt formada cavab veribsə, yanlışlıq edib. Açığı, mən onu Azərbaycan yığmasıda görmək istərdim. Amma istəmirsə, normaldır, öz qərarıdır.
– Bu heyət üç cəbhədə mübarizə aparmağa yetərlidir?
– Cəbhə cızmırıq. Qarşıda bizi vacib Konfrans Liqası oyunu gözləyir. Transferlərimizin iki cəbhə ilə əlaqəsi yoxdur. Heyətimizi tamamlamaq məqsədilə transferlər edirik. Olsa, daha bir transfer olacaq. Planlarımıza bu daxildir. Olmasa da, yetərli oyunçularımız var. Bu futbolçularla çempionatı oynayacağıq.
– Rüstəm Əhmədzadənin sanki oyunu alınmır. Onda problem nədir?
– Rüstəmin oyunundan son dönəmlərdə çox razıyam. Yanvara qədər də yaxşı performans göstərirdi. Ondan sonra zədələndi və üç ay oynamadı. Ağır zədə keçirmişdi, mən beləsini görməmişdim. “Osiyek”lə oyuna hərarəti ola-ola çıxmışdı. Heyətdə oyunçu yox idi. Həkimlərlə də danışdıq və dedilər ki, 30 dəqiqə oynaya bilər. Onunla danışdıq və soruşduq ki, heç olmasa 45 dəqiqə dözə bilərsənmi? O da razılaşdı. “Osiyek”dən başqa oyunlarda yaxşı çıxış edib. Tək onun yox, digər futbolçuların da səhv ötürmələri olur. Rüstəmin də bu gün qol epizodu oldu, meydanda yaxşı mübarizə apardı.
– “Osiyek”lə oyundan sonra demişdiniz ki, bizimçün vacib olan “Sabah”la görüşdür. O vaxtı fikirdən sonra bugünkü oyuna baxdıqda fikriniz dəyişdimi? “Sabah”la əvvəlki matçlarla bugünkünü müqayisə etsəz, nə deyə bilərsiniz?
– Mənimçün mübarizəli oyun oldu. 2:0 olandan sonra “Sabah” böyük qüvvə ilə irəli atıldı. Onların müdafiəsində boşluqlar axtarırdıq. Oyun mənimçün derbi havasında keçdi. İndi “Osiyek”lə oyun haqda düşünəcəyik.
– Bu heyət Premyer Liqaya tam hazırdırmı, yoxsa vaxta ehtiyac var?
– Məşqçilər olaraq, heç vaxt kifayətlənmirik. Daha yaxşı olmaq istəyirik. Bundan sonra nəticələr sabit ola bilər. İki qələbə qazanmışıq. “Səbail”lə yaxşı oynadıq, bu gün də “Sabah” səfərindən üç xal qazandıq. Oyunçulardan şikayətlənə bilmərəm. Daha yaxşı olmaq üçün çalışacağıq. Mənimçün vacib amil futbolçunun çalışqan olmasıdır. Keyfiyyət, ustalıq çatacaq-çatmayacaq, bilmirəm. Daha can atmalıyıq ki, yaxşısını necə edə bilərik?
– Bu oyun ritmini qoruya biləcəksinizmi?
– Gələcəklə bağlı məsələdir. Nəsə əvvəldən deyə bilmirəm. Zaman göstərəcək. Demək olar, hər il yanvardan sonra “Zirə”də uğursuzluq başlayır. Bilmirəm, nə ilə bağlıdır. Ötən il də bununla üzləşdik. Bunlar ağlımdadır. Uğurlu gedişi saxlamaq haqda düşünürük. Necə olacaq, zaman göstərəcək.
– “Osiyek”in baş məşqçisi və futbolçusu oyundan sonra deyib ki, məğlubiyyət ədalətli deyil. Deyiblər ki, hətta “Zirə” bizə qol vura bilməzdi.
– Açığı, mən də görmüşəm. Baş məşqçinin açıqlamasını oxuyanda pis təsir etdi. Həqiqətən, qəribə gəldi. Çünki ikinci hissədə yaxşı oynamışdıq. Onların vurduğu qol da bizim səhvimizdən sonra olub. Bəlkə, oyundan sonra emosional olub və isti başla fikir bildirib. Hörmətlə qarşılayırıq.
– Onların heyətində erməni futbolçu var və böyük ehtimal, Bakıya gələcək. Onun meydana çıxması müəyyən gərginlik yaradacaq. Bu, hansı tərəfə mənfi təsir edə bilər?
– Biz qalib tərəfik. İndi onlar bizlə qarşılaşanda qıcıqları ola bilər. Mən futbolçu olanda rəqibdə erməni oyunçu olurdusa, düşünürdüm ki, o bizə qol vurmasın. İndi böyük zəfərimiz var və bu haqda düşünmürəm. Qalib tərəf bizik. Bizə, azarkeşlərə oyuna köklənmək vacibdir. Çalışacağıq ki, əlimizdən gələni edib, sevinən tərəf olaq.
– Yeni transfer hansı mövqe üçün düşünülür?
– İndi hansısa çatışmazlıqdan danışsam, düzgün çıxmaz. Bütün oyunçular əllərindən gələni edirlər. Sadəcə rəqabəti artırmaq üçün hansısa mövqeyə oyunçu ala bilərik.
Şahin Cəfərov