Azərbaycan Premyer Liqasının XV turunun “Zirə” – “Sumqayıt” oyunundan (4:1) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb…
– Maraqlı oyunun şahidi olduq. Sürətli, dinamik, aqressiv… Hər iki komanda baxımlı futbol oynamağa çalışırdı. Düşünürəm ki, bu, hər ikimizdə də yaxşı alınırdı. Birinci hissədə daha bir neçə qol epizodlarımız oldu. Lakin istifadə edə bilmədik. Amma meydanda bərabər səviyyəli mübarizə gedirdi. Düzü bizim əks-hücumlarımız daha kəsərli idi. Ancaq “Sumqayıt” da çox kəsərli pressinq tətbiq edirdi. Arxadan oyun quruculuqda müəyyən problemlər yaşayırdıq. O üzdən özümüz rəqibə pressinqlər tətbiq edirdik. Bu da pis alınmırdı. İkinci hissədəysə rəqibdən daha üstün oynadıq. Fürsətlərdən yaxşı istifadə edib, qola çevirdik. Vaqif Cavadovu təbrik etmək istəyirəm. Bu yükün altına girdikdə, bir az narahatlığım var idi. Amma oyunlar onu göstərir ki, o, bu yükü daşımağa hazırdır. Hətta rəqibi analiz etdikdə, çox yaxşı detallar diqqətimizi cəlb etdi. Bu səbəbdəb də Vaqifi təbrik edirəm və ona uğurlar arzulayıram. Futbolçularımı da ürəkdən təbrik edirəm. Qarşıda ölkə kubokunun 1/8 final mərhələsində bizi “Şamaxı”yla çox gərgin oyun gözləyir.
– Cavadov bildirdi ki, qolları biz hədiyyə etdik…
– Düşünürəm ki, yaxşı pressinq tətbiq edib, keçidlərdən yararlandıq. Müasir futbolda qolların 60-70 faizi bu elementdən vurulur. Çünki müasir futbolda mövqe hücumundan qol vurmaq çox çətindir. Komandalar yaxşı müdafiə olunur və bunu yarmaq çətin olur.
– Oyundan sonra Orxan Məmmədovpaltardəyişmə otağında oldu. Nə dedi?
– Bizim üçün sevindiricidir ki, klubumuzun fəxri prezidenti komandanı təbrik etdi. Müəyyən movzuları mətbuatda danışmaq doğru olmaz. Yaxından təbrik etməyi, dəyər verməyi bizim üçün önəmlidir. Çətin günlərdə Orxan Məmmədov özünü önə verir. Ona təşəkkür edirəm.
– Utziqin durumu nə yerdədir?
– Görünən odur ki, zədəsi ciddidir. Dünən Qismət Alıyevi itirdik, 5-6 həftə olmayacaq. Bu gün Utziqin zədələnməsi bizi məyus edir. Görünən odur ki, qış fasiləsindən sonra oynaya biləcək. Sabah MRT olacaq. Daha dəqiq biləcəyik.
– Davit Volkovun bugünkü çıxışı haqda nə deyə bilərsiz?
– Məşqlərdə eyni istək, eyni konsentrasiya ilə oynayır. Meydanda əzmkarlıq edir. Söhbət tək söhbət Volkvodan getmir. Elə olanda oyunda çox şey alınır. Uğurun sirrini onda görmüşəm. Nə qədər əzmkar çalışacaqsan, nəticədə sevinən tərəf olacaqsan.
Mirkamal