Azərbaycan Premyer Liqasının XII turunun “Turan Tovuz” – “Qarabağ” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Azarkeşlər üçün maraqlı oyun alındı. Stadionda möhtəşəm atmosfer var idi. Fanatlar demək olar, hər iki komandaya, oyuna azarkeşlik edirdi. Bizimçün vacib oyun idi. Çox istərdik ki, üç xal qazanaq. Amma bir xal da əlavə olundu. Həm nəticədən, həm oyundan razı qaldım. Futbolçular sona qədər mübarizə apardı.
– Demək olar, bu oyun Avropa Liqası oyunuöncəsi yaxşı sınaq oldu?
– Bəli, düşünmək olar. Dinamika, sürət yaxşı alındı. Futbolçuların hazırlıq səviyyəsi də yavaş-yavaş düzəlir. Bu oyun onlar üçün kömək oldu. “Bodo-Qlimt”lə oyundan öncə vacib matç oldu.
– Yassin Benzia nə üçün yox idi?
– Yüngül zədəsi var. Sırağagün məşqdən sonra əzələsində ağrı hiss etdi. Müayinədən sonra bir az əzələsində şişlik var idi. Həkimlərin dediyinə görə, 2-3 gün sonra özünə gəlməlidir. Yenə də risk etmədik. Görək, qarşıdakı günlərdə necə olacaq.
– Leandro Andradenin durumu necədir?
– Belində ağrı hiss etdi. Yəqin, keçər, ciddi problem olmaz.
– Oyunun tempini Avropa oyunlarına bənzətmək olar?
– Məncə, bəli. Stadion da böyük, azarkeşlər çox və stadion örtüyü təbii olsaydı, yaxşı olardı. Bu meydançaya “Turan Tovuz” daha yaxşı uyğunlaşıb. İlk hissədə texniki səhvlər edirdik. Fasilədən sonra isə toparlandıq.
– Azərbaycan çempionatında hər oyun belə keçsə, avrokuboklar sizinçün çətin olardı, ya daha asan?
– Belə oyunlar hər komanda üçün faydalı olar. Əfsuslar olsun, bir az bəzi matçlarda temp çox aşağı olur. Bəlkə, saat fərqinə, meydança amilinə görədir. Hər bir halda, bizə qarşı lider komandalardan biri oynayırdı. Belə mübarizə gözlənilirdi. Başlıcası, temp aşağı düşmədi. Sona yaxın cərimə zərbələri artdı, temp düşdü. Bu da olmasaydı, daha yaxşı olardı. Məncə, Tovuzdakı matçlar həmişə bu saatda olsa, belə tempdə keçər. Bütün oyunlar bu sürətdə, mübarizədə olmalıdır.
– Meydança amilini dediniz. Sanki rəqib ilk 45 dəqiqəni daha üstün oynadı. “İkinci nömrə”də oynamaq sizin planınız idi?
– Rəqibi nəzərə almaq lazımdır. Onların bizə xoş olmayan oyun üslubu var. Tez hücuma çıxa bilirlər. Öndə yaxşı hücumçuları var və sürətli atakı yaxşı bacarırlar. Hiss olunurdu ki, gözüyumlu bunu edirlər. Bunlar bizə çətinlik yaradırdı. Getdikcə futbolçularım uyğunlaşdı. “Turan Tovuz” bizə çətin dəqiqələr yaşatdı. Xüsusilə, standartlarda təhlükəli epizodlar yaratdılar. Bu mövsüm standart vəziyyətlərdən 8 qol vurublar və bu, böyük statistikadır. Bu gün qapıçımız da diqqətli idi və yaxşı epizodlar oldu. Bu gün məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım.
– Əvvəl çempionatda ehtiyat komanda ilə də qələbələr qazanırdınız. İndi Premyer Liqada rəqabətin artdığını düşünürsünüz? Kurban Berdıyevin gəlişindən sonra “Turan Tovuz”da artım var. Onun Azərbaycan futboluna faydalı olacağını düşünürsünüz?
– Berdıyevlə rəqabət apardığımı demək düzgün olmaz. O, məndən irəliədir. Böyük təcrübəsi var. Gəldi və mənə rəqabət yarandı demək qeyri-ciddilik olar. Belə məşqçilərin Azərbaycanda olması yaxşıdır. Gənc məşqçilərimiz – Ruslan, Cavid onun yanındadır. Berdıyev kimi məşqçilərin Azərbaycanda olmasına sevinirik. Yaxşı məşqçi ola bilər, amma məsuliyyət də önəmlidir. Mentalitetimizə uyğun olması da əlavə üstünlükdür. Nə vaxtsa onun məsuliyyətsiz olduğunu eşitməmişəm. Onun Azərbaycanda olmasına ancaq pozitiv baxıram.
Şahin Cəfərov