Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Qarabağ” – “Sabah” (1:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Sona doğru dinamika daha da artdı. Belə durumda hansımızsa uduzsaydıq pis təsir edəcəkdi. Azarkeşlərimizə təşəkkür edirəm. Oyunun əvvəli sıxıcı görünsə də daha sonra yaxşılaşdı.
– Murad Musayev “Sabah”ı çalışdırarkən bu oyunlar daha maraqlı keçirdi. Hazırda da rusiyalı mütəxəssislərdən Kurban Berdıyev və Vasili Berezutski sizə məğlub olmayıb. Bu fakta nəzər yetirmisiz?
– Deyəcək bir şey yoxdur. Məşqçilərin hər biri öz komandasının uğuru üçün çalışır. Bu normaldır. Hər bir məşqçi analiz edir. Görünən odur ki, biz daha çox analiz etməliyik. Futbolda belə bir termin yoxdur ki, Qurban və ya “Qarabağ” hər il qalib gəlməlidir. Ümuməm razıyam.
– 7-8 futbolçunun müqaviləsi mövsümün sonunda bitir. Həmin oyunçularla danışıqlar aparmısız?
– Hələ ki, vaxtımız var. Mövsümün sonuna kimi dəyərləndirmələr edəcəyik. Futbol elədir ki, hər an düşüncələrdə dəyişiklik ola bilir. İndi bu sezona köklənmişik. İnşallah ki, ilin sonunda dəqiqləşdirəcəyik.
– Buraxdığınız qol epizdounu necə şərh edərdiz? Xüsusən də Mateus Silvaya qarşı irad bildirdiz…
– Bəzi epizodlarda daha da məsuliyyətli oynamalıdır. Amma orada daha çox Cesse Sekidikanın ustalığını qeyd etməliyik.
– Sizcə, bu gün 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
– Qazandıq. İstənilən halda xallarımızın üzərinə xal gəldi. Buna görə də itirmədik.
Mirkamal Kazım