Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 30-da keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyunundan öncə “atlılar”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Bakıda ilk oyunumuzu oynayacağıq. Doğma stadionumuzda olacağıq. Pis hazırlaşmamışıq. Rəqibi daha yaxından tanıyırıq. Baxmayaraq ki, qələbə qazanmışıq. Rəqib yaxşı müdafiə oluna bilir. Təhlilləri aparmışıq. İstəyirik ki, azarkeşlərimiz üçün baxımlı oyun oynayaq. Qələbə qazansaq, minimum Konfrans Liqasının qrup mərhələsini təmin edəcəyik. Çox ciddi hazırlaşmışıq. Futbolçularımın ümumi hazırlığı pis deyil. Azarkeşlər üçün baxımlı oyun olacağıq.
– Oyunla bağlı sizi narahat edən nədir?
– Düzü, hansısa narahatlığa ehtiyac yoxdur. Kollektiv daxili olan bəzi nüanslar var. İlboyu bunlarla rastlaşırıq. Çalışırıq ki, kiçik vaxtda bunları həll edək. Bura transfer məsələləri, oyunçuların hazırlığı, çatışmazlıq və s. aiddir. 15-16 ildir burdayam, kollektiv daxili bunları həll etmişik və ciddi problem görmürəm. Həmişə çalışmışam ki, əlimizdə olan şanslardan maksimum istifadə edək. Bizə problem həmişə rəqib olub. Nəsə yenilik, sürpriz ediblərsə, problem yaşamışıq. Başqa ciddi nəsə görməmişik.
– Heyətdə hansı çatışmazlıqlar var?
– Bircə Musa Qurbanlı əməliyyat olunub. Başqa bütün oyunçular sağlamdır.
– Qarşıdakı mövsümdə 50-dən çox oyun keçirəcəksiniz. Əlinizdəki heyət yaxşı nəticələr üçün yetərlidirmi?
– Hər şeyə hazır olmalıyıq. Problemi çözmək istəyiriksə, hazırlıqlı olmayıb. Məşqçi kimi minimum iki futbolçunu transferini istərdim. Çünki ilboyu zədəlisi, cəzalısı var. Hər oyun bizimçün önəmlidir. Bir neçə cəbhədə maksimum nəticə üçün çalışacağıq. Buna görə optimal heyət vacibdir. Bu yöndə işlər gedir. Yarımmüdafiə və hücuma minimum bir futbolçu istəyirəm. Başqa variantlar olsa da, mövqeyindən asılı olmayaraq transfer etmək istəyərik.
– Əvvəllər yay hazırlıqları sonrası çox razılıq bildirmirdiniz, ancaq bu dəfə razı qaldığınızı demisiniz. Bunun səbəbi heyətin əsas oyunçularını qoruya bilməyinizdir?
– Həmişə istəmişik ki, heyətimizi saxlaya bilək. Həm də bu il bir az fərqli hazırlaşdıq. Vaxtımız çox oldu və rahat hazırlaşdıq. İkinci mərhələdən Çempionlar Liqasına başlamışıq. Buna görə futbolçularda psixoloji rahatlıq oldu. Gərginlik o qədər olmadı. Əlavə, istirahətlərinə də vaxt ayıra bildilər. Hazırlığın ilk mərhələsi Bakıda keçdi deyə yaxınları ilə də vaxt keçirə bildilər. Futbolçuların psixoloji rahatlığı həmişə önəmli olub. Çünki oyunçu beyni yorğun, gərgin olanda özü də tez yorulur. Bu dəfə yaxşı şansımız oldu. Hazırlıq dönəmində də bunu hiss etdim. Buna görə öz razılığımı bildirmişəm.
– Digər komandalarımızın avrokubok oyunlarını necə dəyərləndirirsiniz?
– Yaxşı. Hər klubumuz görünür, yaxşı hazırlıq keçirib. Bircə “Sumqayıt” uduzdu. Onun səbəbi də məlumdur, öndə olanda azlıqda qaldılar. Samir Abasovun cavab görüşündə komandanı toparlayacağına və yaxşı nəticə əldə edəcəyinə inanıram. “Zirə” və “Sabah” həm yaxşı nəticə əldə etdilər, həm də yaxşı futbol sərgilədilər. Bu, sevindirici haldır. Ümidlərimiz böyükdür, onlara uğurlar arzu edirəm. Hər qələbə Azərbaycann futbolunun tanınması, reytinqimizin artması deməkdir. Hər birindən yaxşı nəticə gözləyirik. Çalışırıq ki, qələbələrin sayı daha çox olsun.
– Şahruddin Məhəmmədəliyevin qayıdışı futbolçularda inamı da artırıb. Oyunçular onun önündə daha rahat oynayırlar…
– Qapıçı mövqeyi önəmlidir. Bəzən görürsünüz ki, çox komandaların şikayət yeri “qapıdır”. Şahruddin iki gün ərzində transfer olundu. Bəzi səbəblərə görə təcili danışıqlar oldu. Tam hazır olduğunu deməzdim, vaxt lazımdır. Hamının – futbolçuların, mənim tanıdığım biridir. Onun uyğunlaşmaya ehtiyacı yoxdur, hər kəslə də yaxşı münasibəti var. Ona qarşıdakı günlərdə, oyunlarda uğurlar arzu edirəm.
– Potensial rəqiblərin oyunlarını izləmisinizmi?
– Oyunlarına baxmışam, müəyyən məlumatlar götürmüşəm.
– Bu mövsüm üçün hədəf nədir?
– Məqsəd minimum Konfrans Liqasına düşməkdir. Maksimum isə bacardığımız qədər getmək – Çempionlar Liqasının qrupuna düşməkdir. Transfer etmək getdikcə çox çətinləşir. Həqiqətən, istəmişik ki, yanlış etməyək. Amma bu da mümkünsüzdür. Avropa futbolunda böyük klublarda belə 30 faiz transfer uğurlu alınırsa, uduş kimi qəbul edirlər. 50 faiz isə onlarçün fantastikdir. Çox imkanlarımız yoxdur ki, oyunçu transferində səhv edəndə kompensasiya edə bilək. Daim axtarışdayıq. Çox oyunçularla danışıqlarımız oldu. Bəziləri gəlmək istəmədi. Hansı futbolçudan soruşsa, Avropanı istəyir. Axtarışdan əl çəkmirik. Hazırda da neçə futbolçu ilə danışıqlar gedir. Minimum 1-2 transfer istəyirik. Necə alınacaq, görəcəyik. İlk məqsəd əlimizdəki heyəti qorumaq idi. Klub rəhbərliyi, oyunçular sağ olsun, anlaşmalar əldə edildi.
– Şahruddinin hazır olmadığını dediniz. Əlavə qapıçı transferi gedişata uyğun gündəmə gələ bilər?
– İndi də baxdığımız qapıçılar var. İki gün əvvəl də birini transfer etmək üzrəydik, son anda alınmadı. Düşündüyümüz qapıçını əldə edə bilsək, mütləq götürmək istəyirik.
– Klubların bu mövsüm avrokuboklarda uğurlu çıxış etməsi önəm mövsümün çempionatının rəqabətli keçməsi ilə əlaqədardırmı?
– Hər ölkə futbolunun inkişafı üçün beynəlxalq turnirlər vacibdir. Çünki hamı bilməlidir ki, biz Azərbaycan çempionatında nə üçün oynayırıq. İkincisi, belə turnirlər hamıya böyük təcrübə qazandırır. Qələbələr də böyük inam yaradır. Belə olduğu halda, azarkeş sayı da artır, futbolçu və məşqçilər sevilməyə başlayır. Bunlar vacib məsələlədir. Çempionatda rəqabətin də artması ilə inkişaf gedir. Premyer Liqada altı, yeddi gündən bir oyun oynayırsansa, avrokuboklarda olanda artıq gün sayı azalır, oyun çoxalır. Artıq gərgin rejimə də öyrəşilir. Buna görə belə turnirlərin böyük faydası var və ciddi yanaşmaq lazımdır. Çox istərdim ki, bütün klublarımız qrup mərhələlərində oynasın. Bəzən qorxuruq ki, güclü komandalarla düşəcəyik. Amma olsun, onlarla oyunlar da bizə çox şey qazandırır, Azərbaycana gəlir, mədəniyyətimizi tanıyırlar. Ümumiyyətlə, bölgə klublarının da inkişafı mütləqdir. Rəqabətin təməli buradan başlasa, yaxşı olar.
– “Ferentsvaroş”u məğlub edəndən sonra sizdən Kvabena Ovusunu aldılar. Bu yay da Kadi Borges mübarizəsində sizi üstələdilər. “Ferentsvaroş”un “Qarabağ”ın istədiyi, komandada oynayan futbolçuları transfer etmək istəməsinə münasibətiniz necədir?
– Başqa bir fikir görmürəm. Belə klublar bəzən hansısa futbolçuya baxanda onun şəxsi karyeranıza, qazandığı titullara, oynadıqları Avropa turnirlərinə baxırlar. Biz bəzən qələbəyə, nəticəyə ac futbolçulara baxırıq ki, o istəyi olsun. Müxtəlif fikirlər səsləndiririk. “Ferentsvaroş”la aşağı-yuxarı eyni səvviyədə komandayıq. Bəlkə, onların da güclü imkanları yoxdur ki, hansısa böyük klubdan oyunçu gətirsinlər. O vaxt biz də bəzi klublardan oyunçular götürmüşük. Məncə, hər şey maddiyatla bağlıdır.
– “Qarabağ”ı qarşıdakı mövsümdə gərgin oyunlar gözləyir. Belə dövrdə futbolçuların az vərəqə alması üçün nələr etmək lazımdır?
– Son vaxtlar demək olar, çox komanda olub ki, vərəqələrə görə nəticəni əldən verib. Görünən odur ki, bu barədə futbolçularla daha çox danışılmalı, qaydalar onlara çatdırılmalıdır. Futbolçunu qısa olaraq daha düzgün oyuna motivasiya etmək lazımdır. Yenə də, hər bir tələb futbolçunun üzərinə düşür. Futbolçular özlərini meydanda düzgün aparmalıdır. Nə qədər məsləhətlər verilsə də, tapşırıqları icra edən onlardır. Şans bəzən bir dəfə olur və bundan maksimum yararlanmaq lazımdır. Üstəlik, rəqib səni say baxımından da üstələməməlidir. Son zamanlar ən vacib elementlərdən biridir ki, bunun üzərində çox dayanmaq lazımdır. Hakimlərin fikirləri fərqlidir. Referi var nizamnaməyə uyğun gedir, bəziləri də başa düşür ki, futbol mübarizə oyunudur. Çünki oyun epizodları var ki, bilərəkdən ya nəsə olur, ya bilməyərəkdən. Məncə, necə oyuna taktiki hazırlaşırsansa, futbolçular da vərəqə ehtiyatını qorumalı, yaxşı hazırlaşmalıdır.
Şahin Cəfərov