Qurban Qurbanov “Tottenhem”lə oyundan nələr dedi?

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda sabah keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunundan öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları söyləyib:

– Rəqibin təqdimata ehtiyacı yoxdur. Dünyanın ən güclü çempionatında mübarizə aparırlar və həmişə liderlər sırasında qərarlaşırlar. Çalışacağıq, düzgün və səliqəli oynayaq. Ümumiyyətlə, belə stadionda, atmosferdə oynamaq hər futbolçunun böyüməsi üçün yaxşı təcrübədir. Futbolçular çox güc sərf etməli olacaqlar, çalışacağıq, yaxşı nəticə əldə edək.

– 2015-ci ildə bu rəqibə 1:3 hesabıyla uduzmuşdunuz. Oyunu necə xatırlayırsınız?

– Xatırlayıram. O vaxt da rəqibin yaxşı heyəti, baş məşqçisi var idi. İndi futbol daha dinamikdir. Yeni baş məşqçinin gəlişindən sonra da sürətli pressinq edirlər. Fərqli oyun fəlsəfələri var. O vaxtkı komanda ilə indiki arasında fərq var.

– Ötən həftə “Dinamo” “Bavariya”ya 2:9 hesabıyla uduzdu. Fikirlər var ki, yaxşı ki, komanda ÇL-ə düşməyib…

– Bu haqda düşünmək artıq gecdi. Avropa Liqası indi demək olar, Çempion Liqasından fərqlənmir. Güclü komandalar var. Avroliqadayıqsa, ÇL haqda düşünmək düzgün olmaz. Düşsək necə olardı, düşməsək, necə demək düz deyil. İstənilən turnirdə yuxarılarda olmağa və layiqli mübarizəyə çalışmışıq. Dünya futbolunda böyük hesablı nəticələrə tez-tez rast gəlinir. İndi futbol fərqli inkişaf edir. Hər oyuna tam ciddi, diqqətli hazırlaşırıq.

– Rəqibi təhlil etmisiniz. Onlara qarşı istifadə edəcəyiniz hansısa sirrinizi açıqlaya bilərsiniz?

– Rəqibin də sirləri çoxdur. Bu haqda hansısa fikir bildirə bilməyəcəm.

Şahin Cəfərov