Azərbaycan Premyer Liqasının XIII turunun “Qarabağ” – “Zirə” oyunundan (4:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib…
– İlk növbədə futbolçularımı təbrik edirəm. Fasilə qabağı çox vacib qalibiyyət oldu. Baxmayaraq ki, yorğunluq var idi. İlk hissə bir az daha çətinlik çəkirdik. Lakin fasilədən sonra daha rahat çıxış etdik. Bəlkə də, ikinci hissənin əvvəlində vurulan qol işimizi daha da asanlaşdırdı.
– İlk dəqiqədə vurduğunuz qolun bu qələbə də önəmli rolu olduğunu düşünürsüzmü?
– Ola bilər, hansısa oyunlarda belə hallar olsun. Amma hazırda futbol elə inkişaf edib ki, ilk dəqiqələrdə qol vursan da, son dəqiqələrdə buraxırsan. Bu üzdən də sırf ilk dəqiqələrdə vurulan qolun qələbə gətirdiyini deyə bilmərik.
– Avroliqada “Bodo-Qlimt”lə (2:1) (Norveç) oyuna qədər sanki çətinlik çəkirdiz…
– Ümumiyyətlə, öz müsahibələrimdə də bildirmişdim ki, hər bir rəqib bizə ciddi yanaşır. Futbolda elə vaxt olur ki, bəzən 5-10 qol epizodunu dəyərləndirə bilmirsən. Bəzən də elə olur ki, 2-3 qol şansını dəyərləndirirsən. Əsas odur ki, öz məqsədimizdən əl çəkməyəcəyik. Ola bilər ki, xal da itirə bilərdik. Lakin futbolçularım son ana qədər döyüşdülər.
– “Bodo-Qlimit”lə oyunda bir qədər fərqli heyət buraxmışdız. Növbəti oyunda da belə rotasiyalar görə bilərikmi?
– Ümumiyyətlə böyük oyunlarda heyət dəyişməyin tərəfdarı deyiləm. Lakin bəzən elə olur ki, dəyişiklik etməlisən. Ümumən elə futbolçular var ki, dəyişikliyin pis təsiri olmur. Rəqiblərimiz güclüdü. 90 dəqiqə bizə təsir etmək gücündədilər. Rotasiya etməməyə çalışacam. Amma ola bilsin ki, hansısa futbolçu özünü daha yaxşı tərəfdən göstərsin və dəyişiklik etmək məcburiyyətində qalım.
– Çempionatın 1/3-i geridə qalıb. İlk turda qalib gəldiyiniz “Araz-Naxçıvan” 2-ci pillədə qərarlaşıb. Nə düşünürsüz?
– Elmar Baxşıyevin komandası həmişə yaxşı çıxış edib. Əgər komanda nəticəyə oynamağı bacarırsa, bu onun haqqıdı. Onlara uğurlar arzulayıram. Hələ ki, qarşıda çox oyunlar var. Sevinirəm ki, belə rəqabət yaranıb.