Qurban Qurbanov: “Qüsurlar həmişə var”

Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” – “Səbail” (5:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvcəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Qarşımızda güclü müdafiə olunan kollektiv var idi. Sadəcə ilk qoldan sonra riskə getdilər və boşluqlardan yaxşı istifadə etdik. Düzgün və aktiv müdafiə olunurdular. Kubokun ilk matçında da beləydi. Asan deyildi. Amma 60-70 dəqiqə bunu bacarırlarsa, deməli nizam-intizam qaydasındadır.Heyətində çox sürətli oyunçuları var. Hansı ki, bizi hücumda yaxalaya bilirdilər, lakin bəxtləri gətirmədi. Buna görə də belə komandaya qarşı qol vurmaq çətindir.

– Riçard Almeydanın gedişi haqda nə deyə bilərsiz?

– Düzü gözlənilməz oldu. 2 gün əvvəl belə yüngül danışığımız oldu. Sanki dünən tam dəqiqləşdi və öz ölkəsinə – keçmiş komandasına qayıtmaq istədi. Buna hörmətlə yanaşıram. O vaxtı Ansi Aqolli də vaxt azlığına görə klubdan ayrıldı. Sadəcə futbolçunun öz razılığı bizim üçün önəmlidir. Riçard burada özünü rahat hiss edirdi. Ona kollektiv olaraq uğurlar arzulayırıq. Ona ən yaxşısını arzulayırıq.

– Demişdiniz ki, dəyişiklilər olacaq. Belə gözlənilməz dəyişikliklər müsbətə yoxsa mənfiyə doğrudur?

– Olan dəyişikliklər təsir etməyəcək deyəndə, inşallah ki, yaxşılığa doğru təsir edər.

– Kadinin ilk çıxışını necə qiymətləndirirsiz?

Kadi öz komandasına qayıdıb, komandaya uyğunlaşması problem olmayacaq. Öz idman formasından uzaqdır. Amma inanıram ki, öz formasını bərpa edəcək. Hər bir halda öz sevimli peşəsiylə məşğul olacaq.

– Aleksey Kaşuk ideal formasından uzaq görünür…

– Ola bilər hansısa oyunlarda zəif təsir bağışlayır. Belə bir futbolçunun 1 il məşqlərdən kənar qalması çətindir. Məşqlərdə kollektivdən geri qalmır. Hamı Kaşukun potensialını bilir. Ondan razıyam. Bir neçə oyun iş əmsalı aşağı olub, amma onda olan bəzi elementlər bizim oyunçularda yoxdur. Futbolçularımız çox yüklənir, amma Kaşukun “Səbail”lə kubok oyununda iş əmsalı ən yüksək idi. Bərpası bir az uzanır. Ancaq komandanın lazımlı fiqurlarından biridir.

– “Neftçi”nin son oyunlardakı uğurlu çıxışı və qarşıdakı turda ölkə derbisinin olmasını necə qiymətləndirirsiz?

– Əlbəttə, müsbət dəyərləndirirəm. Çünki “Neftçi”nin bəzi məğlub olduqları oyunda belə yaxşı çıxış ediblər. “Neftçi”ylə oyunlarda heç vaxt öncəki oyunların nəticəsinə baxılmayıb. Bu komandaya qarşı oynamaq həmişə xoşdur. Həm biz, həm də “Neftçi” tərəfdən azarkeşləri razı salmaq üzün yaxşı oyun göstərməliyik.

– “Zirə”ylə matçdan sonra demişdiz ki, çatışmazlıqlar var. Bu çatışmazlıq aradan qaldırıldı?

– Qüsurlar həmişə var. 5:0 qalib gəlməyimizə baxmayın. O qədər səhvlərimiz olur ki. Futbol sürətli şəkildə dəyişir. İnanın, hələ də hazırki çempionata uyğunlaşa bilmirəm. Çox fərqli sistemdə çalışırıq. Hər məşqçi, hər bir oyunda sürprizlər edə bilər. Bütün komandalarımız fərqli tərzdə çıxış edirlər və yaxşı analiz edirlər. Çalışırıq ki, daim rəqibə təzyiq yaradaq. Ola bilər ki, bu sistemdə çempionata uyğunlaşdıqdan sonra bizə daha asan olsun. Bizim düşünmədiyimiz şeylər var.

– Bundan öncəki “Sabah”la matçda Yassin Benzianı 6 nömrə mövqeyində görmüşdük. Demək olar ki, Kadiyə yer tapmısız?

– Elə oyunçular var ki, onlara həmişə meydanda yer tapılır. Çünki onların qabiliyyəti mənə rahatlıq verir. Amma əsas güvəndiyim oyunçuların hazırlıq forması çox vacibdir. Gələcəkdə bəzi rotasiyalar olacaq.

Mirkamal Kazım