Qurban Qurbanov: “Neftçi”yə qarşı komandanı daha az motivasiya edirəm”

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” (5:0) oyunundan meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi.

– Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oldu. Oyundan razı qaldım, lakin daha səliqəli oynamalıyıq. Səhvlərimiz oldu, rəqib fərqlənə bilərdi. Oyunda nizam-intizam var idi.

– Toralın birinci hissədəki oyununu necə şərh edərdiniz?
– Narazı qaldım.

– “Neftçi”yə qarşı xal itirməmisiniz. Bunu xüsusi motivasiya ilə əlaqələndirmək olar?
– Elə oyunlar var idi, ona daha çox hazırlaşırıq. Bəlkə də ən az “Neftçi”yə qarşı komandamı motivasi edirəm. Çempionatın ən maraqlı oyunudur. Seriyamız uğurlu alınır. Oyunçulara əlavə nəsə demirəm. Futbolçularım hər şeyi yaxşı dərk edir. Ola bilər ki, rəqiblə həyacanlı bir-iki oyunumuz olub. Ona görə futbolçular daha istəkli olur.

– İspaniya klublarının birinin bazasında təcrübə keçəcəyiniz qeyd edilir…
– Belə planımız yoxdur.

– Aciz “Neftçi”nin vəziyyəti Sizə nə qədər təsir edir?
– Cavab verməyim bəlkə də düz olmaz. Hər komandanın eniş vaxtı olur. Nəyinki “Neftçi”nin, bütün komandaların aktiv olmasını istəyirəm. Ola bilər ki, bizdə də nə vaxtsa eniş olacaq. “Neftçi” böyük klubdur, inşallah, bu vəziyyətdən çıxar.

– Mətbuatda qeyd olunur ki, “Qarabağ” Emre Morla maraqlanır. Bu nə dərəcədə doğrudur?
– Mənim bundan xəbərim yoxdur (gülür).