Azərbaycan Premyer Liqasının II turunun “Qarabağ” – “Kəpəz” oyunundan (3:0) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Sürətli, dinamik oyun olduğu üçün çox razı qaldım. Rəqib haqqında məlumatımız az idi, çünki yeni yığılan komandadır. Yaxşı müdafiə olunub, hücumlarda iştirak etmək istəyirdilər. “Kəpəz”ə uğurlar arzulayıram. İnanıram ki, Adil müəllim oyundan oyuna keçən ilki komandanı qaytaracaq.
– Gənc qapıçı Sadiq Məmmədzadə debüt etdi. Onunla bağlı fikirləriniz və gələcəkdə əsas heyətdə ola bilərmi?
– Düzü, bu gün bir o qədər də işi olmadı. Səhv etmirəmsə, Premyer Liqada ilk oyunu idi. Əgər daha yaxşı səviyyəyə gəlsə, potensialını artırsa, məşqçiləri onunla bağlı müsbət fikirləri mənə ötürsələr, niyə də olmasın? Həm bacarıqlı, həm də istəkli biridir. Kollektivə tez uyğunlaşsa, daha tez böyüyə bilər. Çox istərdim ki, öz bacarığını göstərsin və ondan istifadə edə bilək.
– Sizcə, “Qarabağ” üçün çempionluq yolunda ən ağır rəqib hansı ola bilər?
– Mən özümüzü kənara çəkmirəm. “Sabah” klubu ilə də bağlı indidən nəsə demək çətin olar. Keçən il onlar bizi məğlub etmişdi. Onların buna potensialı var. Nə “Sabah”, nə də “Neftçi”dən özümüzü ayırmırıq. Qarşıdakı oyunlara maksimum hazır olmalıyıq. Ola bilər ki, bizə rəqib olan komandaların sayı keçən ilə baxanda bu il daha da çoxalsın. Heç bir rəqibə zəif baxmırıq.
– Musa Qurbanlının hazırki vəziyyəti nə yerdədir?
– Musanın vəziyyəti normaldır. O, fərdi olaraq məşqlərə başlayıb. Ola bilsin ki, 10 günə tam olaraq komandaya qoşulsun.
– “Ludoqorets”in baş məşqçisi Georgi Dermençiyev bildirib ki, “Qarabağ” səfərdə qalib gəlmək üçün ağıllı oynamalıdır…
– Çalışırıq ki, həmişə ağıllı oynayaq. Başqa çıxış yolumuz yoxdur. Qalib gəlmək lazımdır. Bakıdakı bəzi səhvləri etməli deyilik. İnanıram ki, futbolçularım buradakı oyundan daha yaxşı, daha möhkəm oynayacaqlar. Qarşımızdakı rəqibə hörmətlə yanaşırıq. Əvvəlcədən də demişdim ki, oyunçularının ustalığı yüksəkdir. Bakıdakı oyunda üstünlük bizim tərəfdə idi. Amma çox tez bir zamanda qol epizodları yaratdılar. Buna hazır olmalıyıq. Təcrübəmiz var. Qələbə qazanmaq üçün çalışacağıq.
– Juninyo bu mövsüm artıq altıncı qolunu vurdu. Avropanın idman mediasının Juninyo ilə bağlı tez-tez paylaşım etməsi sizi qorxutmur ki?
– Hazırda inanmıram. Juninyo özü də təcrübəli, dərin düşüncəli biridir. Bilir ki, bu anda heç kimlə danışığa getmək lazım deyil. İnanmıram Juninyoda belə fikir olsun. Hamının fikri qarşıdakı oyunlaradır. Olsa da, narahat olmalı məqam yoxdur. Təklif olsa, nə deyə bilərik? Sadəcə olaraq futbolçu ilə danışıqları davam etdirəcəyik. O da bilir ki, müqaviləsi yenilənib. Onun potensialı daha böyükdür, daha yaxşı çıxış edə bilər. O, get-gedə komandaya uyğunlaşa bilər. Daha yaxşı Juninyo görə bilərik. Düşünürəm ki, fikri bu komandadır.
– “Ludoqorets”lə oyunda məğlubiyyətə səbəb nələr idi?
– Səbəbləri demək düzgün çıxmaz, çünki deyəcəm ki, biz qol epizodlarından istifadə edə bilmədik, rəqib isə boşluqlar tapıb, fərqləndi. Rəqib 10 futbolçu ilə müdafiə olunurdu. Orada sürətli qərar vermək elə də asan deyil. Fərdi epizodlarda rəqib daha yaxşı oldu. 1-3 hesabı ilə də uduza bilərdik və əksinə də ola bilərdi. Ola bilər ki, biz səfərdə daha dəqiq olaq. Niyə qol vura bilmədik, niyə rəqib vurdu? Cavab versəm, uşaq kimi cavab vermiş olaram. Biz daim dominantlıq edirik, boşluqlar geridə olur. Beləcə 5 rəqibdən 1-i bundan istifadə edə bilir. Ölkə çempionatında da belə olur. Rəqibin də necə oynayacağını bilmirik. Biz mütləq rəqibin üzərinə gedəcəyik. Niyə uduzduq, qeyri-ciddi görünür. Onları təbrik etdim. Futboldur, idmandır. Hər oyun, hər hücum düşündüyümüz kimi olmur. Qarşımızda robot yox, insandır. Onların da düşüncəsi var. Səfərdə mübarizəmiz daha da bərk olacaq və olmalıdır. Daha da aktiv olmalıyıq.
– İkinci oyunda Tekpetey və Kayonun olmaması sizin üçün üstünlükdür?
– Rəqibin heyətində 30-dən çox legioner var. Ola bilər ki, onların olmaması komandanı bir az yığsın, daha da ciddi olsunlar. Ona görə üstün tərəfləri olsa da, digər tərəfləri də var. Buradakı oyunda o oyunçulara görə hazırlaşmışdıq. İndi səfərdəki matçda həmin oyunçular olmayacaq və ola bilər bizi sürprizlər gözləsin. Müsbət və mənfi tərəfləri var. Öz oyunumuzdan əl çəkməyəcəyik. Hücumlarımızın sayını çoxaltmalıyıq. Müdafiədə daha möhkəm və keyfiyyətli oynamalıyıq.
Fərrux Həsənli