Avropa Liqasının Liqa mərhələsinin sonuncu – VIII turu çərçivəsində Bakı vaxtı ilə saat 00:00-da “Olimpiakos” – “Qarabağ” matçı baş tutacaq.
Futbolpress.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov görüşlə bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb.
– Son oyunumuzdur. Ciddi rəqibə qarşı mübarizə aparacayıq. Hansı ki, keçən il Konfrans Liqasının qalibi olduğu kimi bu il də Avropa Liqasını qazanmağa iddialıdır. Belə bir komandaya qarşı oynayacayıq. Günümüz futbolunda görmək istədiyimiz sürət və dinamika bu klubda var. Ən azından çalışacayıq ki, son matçımızda sona qədər dözümlü olaq və yaxşı oyun nümayiş etdirib, yaxşı nəticə də qazanaq.
– 16 ildir ki, “Qarabağ”la çalışırsınız. Belə bir komanda formalaşdırmaq üçün gücü nədən alırsız?
– Əlbəttə, asan deyil. Kollektiv oyundur və daima işin gedişatında dəyişikliklər olmalıdır. Yeni simalar görürsən, futbolçular seçirsən. Onları illər boyu komandaya dəvət və idarə etdikdə, bu uğurun sınmamasını gözləyirsən. Belə də asan deyil. Mənim bəxtim onda gətirib ki, çox yaxşı əllərdə oldum. Bizim yaxşı rəhbərimiz və idarəçilərimiz var. Belə bir kollektiv formalaşdıranda, həmişə mənim yanımda oldular. Uğurlu nəticə əldə etmək üçün əllərindən gələni artıqlamasıyla etdilər. Mütləq şəkildə daha da işgüzar olmalıyıq. Belə klublar olub ki, bir məşqçi uzun müddət ərzində komandaya rəhbərlik etsin. Çalışırıq ki, bunu qoruyub saxlayaq. Əgər əziyyət çəkiriksə, Allah mütləq bunun qarşılığını verir.
Mirkamal Kazım