Qurban Qurbanov: “İstədiyimiz oyunu göstərə bilmədik”

Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində keçirilən “Zirə” – “Qarabağ” (0:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Çox yaxşı komandaya qarşı oynadıq. Meydanda birəbir mübarizələri uduzmayan komandaya qarşı oynadıq. Futbolçular əziyyət çəkdi. İstədiyimiz oyunu göstərə bilmədik, amma qalibiyyət üçün güc sərf etdik. Rəqibə uğurlar arzu edirəm.

– Juninyo sanki meydanda hiss olunmur…
– Meydandakı hərəkətlərində geriləmə var. Məşqçi olaraq başa düşürəm. Ümumən futbolçuları oyunlara motivasiya etmək asan deyil. Biz buna nə qədər çalışsaq da, özləri də özlərini motivasiya etməlidir. Ola bilsin, tam uyğunlaşmayıb. Bizim oyunlara yanaşmamızda, məşq preseslərində olan ciddiyəti dərk edə bilmir. Gələn il daha yaxşı olacaq.

– Zədə səbəbindən mövsümü qapadan oyunçu var?
– Veşoviçin zədəsi ciddi görünə bilər. Benzianın əzələsində problem var. 10-12 gün çəkə bilər. Ümumən gedişata baxacağıq. Ayın 26-da olan oyuna hazır olmasa, risq etməyəcəyik. Lunyovda ciddi problem yoxdur. Toralın qabırğasında çat var idi. Risq etmədik.

– Müqaviləsi bitən oyunçularla məsələ nə yerdədir?
– Vaxtımız var. Danışıqlara başlamışıq. Hər şey mövsümün sonunda bilinəcək.

– Danışıqlar yekunlaşan futbolçular var?
– Yekunlaşmayıb, amma danışıqlar gedir.

– Kadi, Musa, Mahir komandaya gələcək?
– Heç biri ilə danışıqlar getmir.

– “Sumqayıt”, “Neftçi”, “Zirə” və “Sabah”ın avrokubok şanslarını necə qiymətləndirirsiniz?
– Hər birinin şansı var. Maraqlı sonluq olacaq.

Məlik Məlikov