Azərbaycan Premyer Liqasının mövsümün sonuncu oyunu – “Araz-Naxçıvan” – “Qarabağ” matçından sonra (2:2) qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Futbolçularımı təbrik edirəm. Çempionluğu təmin etsək də, bu oyunu səbirsizliklə gözləyirdik. Elə futbolçular var idi ilk dəfə çempion oldu. Sakit oyun oldu. Centlmensayağı matç keçdi. Elmara uğurlar arzu edirəm. Siz jurnalistlərə təşəkkür edirəm.
– Sizin üçün mövsüm bitməyib. Ölkə kubokunun finalı barədə fikirləriniz nədir?
– Bəlkə də futbolçularım istirahət etmək istəyirdi, amma şansdır. Kuboku əldə etmək istəyirik. Yaxşı komandaya qarşı oyun gözləyir bizi. “Zirə” intizamlı oyun göstərir. İnanıram ki, maraqlı oyun olacaq. Hər iki komandaya uğurlar arzu edirəm.
– Əvvəlki çempionluqla bu çempionluq arasında nə fərq var?
– Hər il bizim üçün 3 turnir olur. Hər üçündə bacardığımız qədər mübarizə apardıq. Bu bizim üçün üstünlükdür. Əvvəlki çempionluqları daha aktiv qeyd edirik, amma bu il bir neçə tur əvvəl qeyd etdik. Hər il çempion olmaqdır hədəf. Çempionluq sayını çoxaltmaq karyeramızda avantaj olur.
– Növbəti mövsüm üçün Azərbaycan klubları üçün nə arzu edirsiniz?
– Uğur və sağlam rəqabət arzu edirəm.
– Lunyovun meneceri klubun nüfuzuna xələl gətirən fikirlər deyib. Bu barədə hüquqi addım atacaqsınız?
– Narahat olacaq nüans yoxdur. Niyə narahat olaq? İşimiz, nəticələrimiz göz qabağındadır. Ehtiyac yoxdur. Sadəcə bir addım atanda millətini, xalqını düşünürsən. Belə hal olubsa, biz narahat olmalı deyilik. Bizə qarşı çox təxribat olub. Belə şeylərə fikir bildirməyə enerji yoxdur. Çempionluğu qeyd edib, işimizi sağlam qurmaq istəyirik.
Məlik Məlikov