Qurban Qurbanov: “İlk ağlıma gələn Toral Bayramovdur”

Azərbaycan Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Futbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bu gün məğlub olmalarına baxmayaraq, çox yaxşı idman forması göstərən komandaya qarşı mübarizə apardıq. Elmar Baxşıyev və komandasına uğurlar arzulayıram. Özümüzə gəlincə, yanvar ayından bu yana göstərdikləri performansa görə təşəkkür edirəm. Azarkeşkərimizə də minnətdaram. Bizi tək qoymadılar. Yaxşı sonluq oldu. Qalibiyyət bizim üçün vacib idi ki, futbolçular yaxşı notlarla istirahət edə bilsinlər. Gələn il daha çox işləməliyik. Ümumən oyundan razı qaldım. Bütün xalqımıza xoş bir il arzulayıram.

– Sonluq sizə görə pozetiv oldu. 2024-cü ilə əvvəldən baxsaq, necə qiymətləndirirsiz?

– Çox yaxşı. Bu ili ən uğurlu illərdən biri adlandırardım. Avroliqada “Braqa” və “Bayer”lə oyunlarımız yaxşı oldu. Ümumən ölkəmiz üçün futbol ili oldu. Böyük futbol yaşadıq. Gərgin, maraqlı, həyəcanlı qələbələr və məğlubiyyətlər izlədik. Həm ölkə çempionu olduq, həm də ölkı kubokunu aldıq. Minimum məqsədə çatdıq. Çempionlar Liqasının pley-off mərhələsində oynadıq. Sonda məğlub olduq və Avropa Liqasının qrupuna düşdük. Bəzi məğlubiyyətlər var idi hansı ki, olmamalıydı. Buna baxmayaraq hər oyun yaxşı keçdi.

– İlin yekunlarında ən yaxşılar seçilir. Siz və komandanız da ilin ən yaxşısı seçilib. Bəs, sizcə, 2024-cü ilin ən yaxşı yerli futbolçusu kimdir?

– Doğrusu, düşünməmişəm. Heç siyahıya da baxmamışam. Amma ilk ağlıma gələn Toral Bayramov oldu. Həm AL-dəki, həm də çempionatdakı çıxışları yaxşı idi. Siyahıya baxıb, fikrimi bildirəcəm.

– Serxio Ramosun “Qarabağ”a transfer məsələsi doğrudur?

– Xeyr.

– Müdafiəni gücləndirmək istəyirsiz?

– Düşünürük.

– Qış fasiləsindəki hazırlıq planınız bəllidir?

– Bəllidir. Sabah açıqlanacaq. Bakıda qalacayıq. Ayın 9-u və 12-si oyunlarımız olacaq. Ayın 17-si çempionat başlayır.

– Juninyo ilə bağlı yenilik var?

– Xeyr, ilk təklifləri olub. Əlaqə saxlayacaqlarını bildiriblər. Amma hələ ki, heç nə yoxdur.

– Nə qədər məbləğ təklif ediblər?

– Bilmirəm, mənə aid məsələ deyil.

– Əlaqə saxlamamaqları sizi sevindirir?

– Bu, normal prosesdir. 1-2 gün içində olacaq şey deyil. İstər-istəməz böyük komandadır. Daha dərindən düşünürlər. Amma hansı yaxşıdır, deyə bilmərəm.

– “Araz-Naxçıvan” “Qarabağ”la çempionluq uğrunda mübarizə aparacaq klubdur?

– Dediyim kimi çox yaxşı komandadır və bacarıqlı oyun sərgiləyirlər. Hər oyun stabillik nümayiş etdirirlər. Bu gün “Araz-Naxçıvan”ın oyunçuları daha istəkli idi. Amma o temp, dinamika tam yox idi. Ancaq bütün ölkələrə baxsaq, son oyunlarda istəksizlik görünür. Hamının fikri dağınıq olur.

– Nə vaxt “Qarabağ”ın yerli futbolçularını Avropa klubları transfer eədəck?

– Bəlkə də, tezdir. Bu yöndə ayrıca iş qurulmalıdır. Amma bunun üçün istər-istəməz çempionatımızın səviyyəsi mütləq qalxmalıdır. Kənar ölkələr bizim liqaya dəyər verməlidirlər. Buna da vaxt lazımdır. Get-gedə alınmalıdır. Fubol olaraq böyük yaşımız yoxdur. Xaricə transfer etmək üçün ayrıca iş qurulmalıdır, propaqanda aparılmalıdır. Bəlkə oyunçularımız daha çox reklam olunmalıdır. Yəqin onun da zamanı gələcək.

– İcraiyyə Komitəsində pozitiv hansı müzakirələr olundu?

– Əfsuslar olsun ki, heç nə deyə bilməyəcəm. Çünki gərək rəsmi xəbər verilsin, bəlkə sonra hansısa maddə üçün fikir bildirə bilərik.

Mirkamal