Qurban Qurbanov: “Hələ heç nə bitməyib”

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Fərqli, güclü rəqibə qarşı oynayırdıq. Çox sərt oyunun şahidi olduq. İnanıram ki, bu, hələ ilk hissədir. İkinci hissə səfərdə olacaq. Maksimum daha diqqətli olub, lazım olsa, risklərə gedəcəyik. Qarşımızda təcrübəli, yaxşı komanda var. Məğlub olmuşuq, amma hələ heç nə bitməyib. Səfərdəki oyunda daha dəqiq və səliqəli oynamağa çalışacağıq. Futbolçuların yaxşı hazırlaşacağına ümid edirəm. Stadionda gözəl atmosfer var idi, azarkeşlərə təşəkkür edirəm.

– Dünən demişdiniz ki, oyuna istədiyimiz kimi hazırlaşa bilməmisiniz. Səfərdən əvvəl çempionat oyununun təxirə salınması ilə bağlı planınız var?
– Xeyr, hələ yoxdur. Digər oyunçuların oynamasına ehtiyac var. Onlar da öz formalarını qaytarmalıdırlar.

– Sizə elə gəlmir ki, media, futbol ictimaiyyəti “Ludoqorets”i çox kiçiltmişdi?
– Xeyr, normaldır. Fikirlər fərqlidir. Rəqibin fərdi ustalığı yaxşı olan futbolçuları var. Ancaq öz komandamın oyunçularını da onlardan zəif hesab etmirəm. Rəqibi ciddiyə almışdıq, indi onları daha yaxından tanıyırıq. Səfərdə düşündüyümüz kimi olsa, yaxşı nəticə əldə edə bilərik.

– Hakimin qərarlarına narazılığınız oldurdu…
– Bəli, bəlkə də, kənardan biz fərqli görürük. Ancaq sonra epizodlara baxdıq. Rəqib həddindən artıq sərt oynayırdı. Sanki rəqibə qarşı simpatiyası var idi, bir az hiss olundu.

– Oyunun qırılma anı nə oldu?
– 90 dəqiqə eyni tempdə oynaya bilmərik. Çünki onların da öz üslubları var. “Ludoqorets” əks-hücumlarda yaxşı oynayan komandadır. İkinci qolda da bundan istifadə etdilər. Bir-iki epizodda onların qarşısını almaqda çətinlik çəkdik. Buna baxmayaraq, onların əks-hücumda oynayacağını bilirdik və hazırlaşmışdıq.

– Şahruddin Məhəmmədəliyevin durumu nə yerdədir?
– Növbəti oyuna hazır olacağını dəqiq deyə bilmərəm. Sabaha yəqin daha dəqiq məlumatımız olacaq. Ola bilsin, bərpası bir az zaman alar. Qapıçı transferi bizimçün aktualdır. İnanın, ciddi danışıqlar gedir. Tam razı qalmasaq da. ola bilsin, bir qapıçı ilə razılaşdıq.

– Buntiçin oyuna qoşulmalarını necə qiymətləndirirsiniz?
– Normal.

– Bu rəqiblə oyunda ən böyük çətinliyiniz nə oldu və bunu necə aradan qaldırmağı düşünürsünüz?
– Bir təcrübə, iki oyunçuların fərdi bacarıqlarının yüksək olması. Müdafiədə 90 dəqiqə oynamağı bacaran komandalardandır. Buna baxmayaraq, onların müdafiəsini yara bildiyimiz peizodlar oldu. Düşünəcəyik, qarşıdakı oyunda daha səliqəli olmalıyıq.