Qurban Qurbanov “Dinamo”ya məğlubiyyəti şərh etdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Qarabağ” – “Dinamo” oyunundan (0:2) sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Əfsuslar olsun, məğlub olduq. Bunu istəməzdik. Futbolçulara deyiləcək söz yoxdur. Hər iki oyunda əziyyət çəkdilər. Xeyli sayda epizodlarımız oldu, amma istifadə edə bilmədik. Azarkeşlərə təşəkkür edirəm, məğlub olsaq da, son dəqiqəyə kimi dəstək oldular.

– Müdafiədə problemlər var və asan qollar buraxılır. Bu problemin həll yolunu tapacaqsınız?

– Rəqib meydanında oyun qurmaq istəyirik. Neçə qol epizodu verdiyimizi xatırlamıram, demək olar, çoxlu şans vermədik. Bir-iki zərbə vurdular. Bəzi detallar var, müdafiəyəmeyilli komanda bu epizodlardan qalib ayrılır. Bizdə isə Elvin, Mateus hücuma daha çox çıxırlar. İstər-istəməz bu çatışmazlıqlar olacaq. Amma buna ciddi diqqət ayırmalıyıq. Bəzi epizodlarda rəqibin ustalığı sözünü dedi. 5 qol buraxıb, vura bilməmişiksə, nəyisə demək düzgün olmaz. Müdafiədə sıx oynayan komandaya qarşı bu qədər qol epizodu yaratmaq da asan deyil.

– Komandada sanki yorğunluq hiss olunurdu. Buna səbəb nədir?

– Bilmirəm, bu fikir hardan yaranıb. Yorğun komanda belə futbol oynaya bilməz, rəqibin cərimə meydançasında qol epizodu yarada bilməz. Qapıçı meydançasında daha çox olmuşuq. Xorvatiyadakı oyundan sonra da belə fikirlər çıxdı. Aslan Kərimovun da bu haqda sözləri var idi. Bilmirəm, niyə çıxır bu fikirlər. Bizim futbolçuların oyun ərzində nə qədər qaçdığına baxmaq lazımdır. Səfərdə də rəqibdən üstün olmuşuq. Bu gün də onlardan az olduğunu düşünmürəm. Necəsə belə fikir yaranıb və ətrafında maraqlı söhbətlər gedir. Uşaqlar 90 dəqiqə hərəkətdə olursa, bu fikirlər qəribə gəlir. İşimiz normal gedir. Hər futbolçunun fiziki hazırlığını daha da qaldırmalıyıq. Belə turnirlərdə oynaya bilmək üçün çox məşq etməliyik.

– Yeni transfer etməyi düşünürsünüz?

– Məğlubiyyətə qədər də düşünürdük. Axtarışlarımız davam edir. Yeni transferimiz oldu, onunla bir aydan çox idi, danışırdıq. Uyğun variant olsa, yenə transfer etmək istəyirik. Qarşıda sıx qrafik olacaq, oyun sayı artır. Rotasiyalar üçün heyəti genişləndirmək istəyirik. Alınsa, sevinərik. Olmasa, bu oyunçularla davam edəcəyik.

– Hakim qərarları sizi sanki qane etmədi. Və Kevin Medinanın qırmızı vərəqəsi ilə bağlı nə düşünürsüz?

– Öz sahəsinin yaxşısı haqda mənim danışmağım düzgün olmaz. Maykl Oliver İngiltərə Premyer Liqasında, Çempionlar Liqasında böyük oyunlsr idarə edir. Onun haqda nəyi düz, nəyi səhv etdi demək düzgün olmaz. İlk hissədəki penalti epizodu ilə bağlı şübhələrim var. Dəfələrlə baxdım və əminliklə deyə bilərəm ki, penalti vermək olardı. Medinanın hər iki vərəqəsi çox bəsit idi. Onsuz da məğlub olmuşduq, belə anda ikinci sarını vermək nə dərəcə düzgündür. Bu gün hansısa hakimdən soruşsaq, deyəcək düzgün qərardır. Oliver böyük hakimdir. Onun Bakıya gəlməsi bizim üçün də xoşdur.

– Marko Veşoviç və Yankoviçin yoxluğu cütün taleyinə nə dərəcə təsir etdi?

– Etməmiş olmaz. İkisi də vacib və əsas heyət oyunçusudur. Yoxluqları itkidir. Hardasa təsiri var, amma digər futbolçular da göstərdilər ki, daha yaxşı nəticəyə layiq idilər.

– Motivasiyadan düşməmək üçün hansı addımları atacaqsınız?

– İlk addımı atdıq, onlara paltardəyişmə otağında təşəkkür etdim. Bu məğlubiyyəti çox düşünsək, işimizə mane olacaq. Bir az üzgün idilər, amma mütləq şəkildə daha da bərk, bir olub, qarşıdakı turnirə hazırlaşacağıq. Bu gün “Dinamo” qələbə qazandısa, deməli layiq idilər.

– İlk oyundakı məğlubiyyətə baxmayaraq, mərhələ keçiləcəyinə inanlar çox idi. Sizcə, bu, nədən irəli gəlirdi?

– Dünən “Qalatasaray”ın oyununa baxdıq, məğlub oldular. Bir qol onlara lazım idi. Bu gün isə bizə üç qol. Bazada söhbət etdim ki, görün bizə necə inanırlar, bizi necə sevirlər. Bəlkə də, o azarkeşlərin 70 faizi bizə motivasiya vermək üçün o sözləri deyirdilər. Düzü, buna çox sevindim. Başqa çıxış yolumuz yoxdur, bizə inam varsa, yaxşı oynamalıyıq. Bütün azarkeşlər bilməlidirlər ki, həmişə işimizə məsuliyyətli yanaşmalıyıq. Bu klub sağlam əllərdədir. Hamı “Qarabağ”ın nə demək olduğunu yaxşı bilir. Bir daha azarkeşlərə təşəkkür edirəm. Xalq olaraq böyük zəfərdən sonra daha mehriban olmuşuq. Bu gün məğlubiyyət varsa, sabah qələbələr olacaq.

Şahin Cəfərov