Qurban Qurbanov: “Daha yaxşı oynaya bilərdik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda “Tottenhem”ə qarşı keçirdikləri oyundan (0:3) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bəlkə də, 0:3-ə layiq deyildik, çünki xeyli şanslarımız oldu. Amma ustalıq və təcrübə qalib gəldi. Uşaqlara çox iradım yoxdu, amma daha yaxşı oynaya bilərdilər.

– Oyunboyu üstünlük sizdə oldu, “Tottenhem”dən daha yaxşı oldunuz. Qaçırılan epizodlar var idi və dediniz ki, daha yaxşı ola bilərdik. Nəyi nəzərdə tutursunuz?
– Uşaqlarda həyəcan hiss olunurdu. Dünən də bildirmişdim, dünya futbolunun ən yaxşı çempionatı İngiltərə Premyer Liqasıdır. “Tottenhem” də daima yuxarı pillələr üçün oynayır. Futbolçular da bunu bilirdi və həyəcanlı idilər. Düşünürəm ki, oyuna mane olan bu idi. Avroliqada təcrübəmiz var, amma bəzi futbolçular hələ bu səviyyəyə yeni çatıblar. Rəqibin ustalığı bizə qalib gəldi. “Tottenhem” azlıqda qalandan sonra sanki rahatlıq yarandı. Futbolçular arxayın oldular ki, üstün olacağıq. Bu arxayınlıq texniki səhvlərə gətirib çıxardı. Bəsit qollar buraxdıq. Biz onlara şərait yaratdıq ki, qol vursunlar. Bu da həyəcandan irəli gələn haldır. Daha yaxşı oynaya bilərdik. Bəlkə də, nəticə də yaxşı ola bilərdi.

– Oyundan öncə tıxaca düşdünüz və matç 35 dəqiqə gecikdi. Bu, oyununa necə təsir etdi?
– Bəlkə, fikir bildirsəm, düzgün çıxmaz. Təsəvvür edin ki, 2 saat 30 dəqiqə yolda olmuşuq. Futbolçular oturaq vəziyyətdə gəlirsə, istər-istəməz onların diqqəti pozulur. Bunu səbəb kimi gətirmək istəmirəm. Bu cür oyunlarda belə hallar olmamalıdır. Tıxacda qalmağımızın böyük təsiri oldu. Amma bunu deyərək, rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Stadiona gələndə dedilər ki, 40 dəqiqəyə oyun başlamalıdır. Heç hazırlaşa da bilmədik.

Şahin Cəfərov