Avropa Liqasının Liqa mərhələsinin II turunda keçirilən “Qarabağ” – “Malmö” (İsveç) oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Əfsuslar olsun, məğlub olduq. İstəməzdik azarkeşlərimiz önündə belə məğlub olaq. Deyəcək sözümüz yoxdur. Rəqibi təbrik etməliyik, layiqli qələbə qazandılar. Xeyli qol epizodlarımız oldu. Bir az fərqli oyun tərzi olan rəqib var idi qarşımızda. İkinci hissə çox erkən qol buraxdıq. Əksinə daha aktiv başlamalıydıq. Belə qol buraxmaq futbolçulara təsir etdi. Yaxşı komandayıq, daha yaxşı ola bilərik. Görünür, bu ərəfələrdə komanda öz oyun ritmindən uzaqlaşıb. Ümid edirəm ki, qarşıdakı vaxtlarda daha yaxşı olacağıq.
– Avrokuboklarda məğlubiyyətlərin olmasına səbəb yerli çempionatdakı rəqabətsizlik ola bilər?
– Belə düşünmürəm. Avrokuboklarda kifayət qədər təcrübəmiz var. Bir neçə oyunçumuzun zədəli olması oyun planımıza təsir edir. Topla daha çox davranmaqda problem yaşayırıq.
– Üç əvəzetmə edəcəkdiniz, ancaq Yankoviçlə bağlı pauza verdiniz. Bu, nə ilə bağlıdır?
– Özünü yaxşı hiss etmədi, ona görə.
– Bəhlulun əvəzlənməsi də məcburi idi?
– İlk hissədə ağrıları var idi. İkinci hissəyə iynə vurub çıxmışdı. Ağrıları olduğunu görüb, əvəz etdim.
– Sanki futbolçular həvəsdən düşüb, istəksiz görünür. Belə düşünürsünüz?
– Ümumiyyətlə, həvəsdən düşdüklərini deməzdim. Sadəcə ola bilər ki, elə vaxtdır ki, oyun ritmlərindən uzaqdırlar. Psixoloji yorğunluq var. Bu komandada həvəssiz olmaq haqda düşünülməyib. Məğlub olmuşuqsa, bəzi şeyləri düşünməliyik. Bir az bəzi oyunçuları görürəm ki, idman formasından uzaqdır. Belə matçlarda bunlar hiss olunur. Daha yaxşı oynamalıyıq və oynayacağıq da. Xırda problemlər aradan qaldırıldıqdan sonra daha yaxşı olacağıq. Belə matçlarda həddindən artıq motivasiya olmalıdır. Məğlub olsaq da, bu görüşün faydaları olacaq.
– Qarşıdakı rəqiblər daha güclüdür. Növbəti matçlarda nə edəcəksiniz?
– Heç kimə zəif gözü ilə baxmırıq. Hamısı Avropa klublarıdır. Özümüzü də zəif saymırıq. Qarşıdakı matçlarda daha diqqətli və motivasiyalı olmalıyıq.
– Rəqiblərə nisbətən daha çox şans yaradırsınız. Ancaq qol olmur. Bu problemi necə aradan qaldırmağı düşünürsünüz?
– Daha çox fərdi qaydada işləməliyik. Futbolçular bu epizodlardan maksimum yararlanmağı bacarmalıdır. Bunu yaxşılaşdıra bilərik. Təki həyəcan olmasın. Texniki səhvləri düzəltmək olur.
– Nə Koxalski, nə də Buntiç etibarlı sayılır. Onlarla bağlı düşüncələriniz necədir?
– Düşünəcək nəsə qalmayıb. Onların hansı çempionatdan gəldiyinə baxmalıyıq. Kifayət qədər təcrübələri və bacarıqları var. Ola bilər, hələ tam uyğunlaşa bilməyiblər. Onlara inanıram, böyük potensialları var. Şahruddin Məhəmmədəliyevin yaxın zamanda qayıtması gözlənilmir. Fərdi məşqlərdə iştirak etsə də, kollektivə qoşulmaq üçün vaxt lazımdır. Qapıçılarla bağlı atacağımız addım yoxdur.
– Qorxmursunuz ki, psixoloji problem qarşıdakı matçlara təsir edə bilər.
– Qorxacaq, çəkinəcək nəsə yoxdur. Neçə ildir, bu işdəyik. İnsan neçə il sağlam qala bilməz. Komandalar, futbolçular ilboyu hansısa müddətdə idman formasından uzaqlaşır. Həmişə çalışmışıq ki, belə hallara soyuqqanlı yanaşaq. Daha çox işləmək lazımdır, bunu bilirik. Qorxacaq nəsə yoxdur. Belə hallara çox rast gəlmişik.
– “Qarabağ”ın oyununda effekt var. “Dinamo” (Zaqreb) səddini keçə bilməməyinizin psixoloji təsiri sanki hələ qalıb…
– Təsir etdi, amma bu günə kimi qaldığını düşünmürəm. Hamının gözü Çempionlar Liqasında idi. Ancaq indi burdayıq. Hamı həmişə yüksək nəticələr tələb edir. Biz də belə hallarda daha da soyuqqanlı, möhkəm olmalıyıq. Komandanın problemi varsa, daxildə görüb, yoluna qoymalıyıq.
Şahin Cəfərov