Qurban Qurbanov: “Bundan narahat deyiləm”

Çempionlar Liqasının pley-off mərhələsində Zaqrebdə keçirilən “Dinamo” – “Qarabağ” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb..

– Pis hazırlaşmamışdıq. Əfsuslar olsun, böyük hesabla uduzduq. Bu komandanın gücünü bilirdik. 2 və 3-cü qol, hətta, 4 də ola bilərdi. Böyük riskə getmişdik. Futbolçularım sona qədər çəkinmədi, hücumda olmağa çalışdı. Bəlkə, 3-cü qol artıq oldu. Amma nəticə belə alınıbsa, deməli layiq olublar. Cavab oyununa hazırlaşacağıq. İtkilərimiz var və bu, bir az problem yarada bilər. Cavab görüşündə yaxşı oyun göstərmək istəyirik. Çalışacağıq, burdakı bəzi səhvləri Bakıda düzəldək.

– İlk dəfə idi, “Qarabağ”ın bir oyunda bu qədər çox epizod yaradıb, istifadə edə bilmədiyini gördük. “Ludoqorets”lə oyunun (7:2) eyforiyasından çıxa bilmədiyinizi demək olar?
– İnanmıram, eyforiya olsun. Futbolçuları hazırlamışdıq. Belə şey olsaydı, futbolçular oyundan tamamilə çıxardı. Xeyli epizodlarımız oldu, amma nəzərə alaq ki, rəqib qapıçı və müdafiəçilər yaxşı çıxış etdi. Futbolda belə hallar olur. Bəzən qol epizodlarını istifadə edə bilmirsən, bəzən də epizod olmadan qol vurursan. Bundan narahat deyiləm, epizod yaradırıqsa, deməli nələrisə düz edirik. Bu gün çox oyunçular ilk dəfə pley-off mərhələsində oynayırdı. İrəli getdikcə həyəcan və məsuliyyət artır. Bəlkə də, bəzi anlarda bu, mane olurdu. Futbolçularımı qınamıram, belə hallar normaldır.

– “Ludoqorets”lə oyunda sonradan meydana daxil olan Redon Cica və Nərima Axundzadə bu gün nə üçün oynamadı?
– Müdaxilə ediləsi səbəb yox idi. Sadəcə bir dəyişiklik etdik. Bəzən əvəzetmələr oyunu yaxşılaşdırır, bəzən də sındırır. Son 10 dəqiqədə bir az əks-hücumda çox yaxalandıq. Əlavə vaxtlarda istədiyimizi ala bilmədik. Bakıda lazım olsa, dəyişikliklər edəcəyik. Belə oyunlarda bəzən həyəcan mane olur. Məğlubiyyətə hansısa səbəb axtarmamalıyıq. Çalışacağıq, bunlardan düzgün nəticə çıxaraq və Bakıda çatışmayan cəhətləri aradan qaldıraq.

Şahin Cəfərov