Azərbaycan Premyer Liqasının X turunun “Kəpəz” – “Qarabağ” oyunundan sonra (0:5) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Vacib qələbə qazandıq. Düzdür, komandadan istədiyim qədər razı qala bilmədim. Dinamika aşağı idi, bəzi futbolçuların performansları aşağı oldu. Diqqət də istədiyimiz kimi deyildi. Yalnız dünən bütün komanda birlikdə məşq edə bildik. “Kəpəz”ə uğurlar arzu edirəm. Ciddi olduqları hiss olunurdu. “Neftçi” qələbəsindən sonra özlərinə inam böyük idi.
– Hər dəfə milli fasilədən sonra belə yaxşı dönüş olmur. Azərbaycan yığmasının məğlubiyyətlərdən sonra millidən qayıdan futbolçular necə idi?
– Bir az üzgün idilər. Hətta, Yankoviç də pis idi, o da millidə iki oyunda uduzdu. Amma toparlana biliblər. Məğlubiyyətlər yaddan çıxmır, üzgündürlər. İnşallah, qarşıdakı oyunlarda yaxşı nəticələr əldə edərlər. Bu gün əsas olan matçı zədəsiz başa vurmaq idi.
– AFFA İcraiyyə Komitəsinin üzvü kimi millinin məğlubiyyətlərini kimin aktivinə yazmaq olar?
– Bu günlərdə bu mövzuları az müzakirə etsək yaxşı olar. Hər birimiz məğlubiyyətlərə görə məyusuq. Bəlkə də, bu oyunların bir neçəsi məğlub olunası deyildi. Oyuna, qol epizodlarına baxanda üstün idik, ancaq rəqiblər azsaylı imkanlardan yararlandı. Bu durumu düşünmək yox, vəziyyətdən çıxmaq lazımdır. Fernandu Santuş təcrübəli məşqçidir, inanıram ki, futbolçuları tez zamanda ələ ala biləcək. Milli komandamızdır, həmişə onların yanında olmalıyıq. Çalışmalıyıq ki, stadionda olaq, azarkeş borcumuzu yerinə yetirək. İnşallah, qarşıdakı oyunlara daha istəkli, sakit hazırlaşarlar.
– “Qarabağ”ın yerli hücumçularının məhsuldarlığının aşağı olması nə ilə bağlıdır?
– Bu gün baxsaq, həm Musa, həm də Nəriman əsas heyət oyunçusu deyil. Rəqabətdə uduzurlar. Nərimanın məhsuldarlığı pis deyil. Demək olar, iki oyundan bir fərqlənə bilir. Amma Musa bildiyiniz kimi zədədən sonra ikinci oyunu idi. Bu gün yaxşı nəticə verə bilmələri üçün oyun dəqiqələri də çox olmalıdır. Çox çalışmalı, futbol haqda düşünməlidir.
– Bu vəziyyətdə Nərimanın ehtiyatda qalması yaxşıdır, yoxsa icarəyə verilməsi?
– Yerli oyunçularımız az oynamır. İlboyu statistikaya baxsaq, Nəriman olsun, Musa olsun, oyun sayı baxımından az deyil. Təcrübəni toplaya bilirlər. Bu gün çıxıb onların yerinə oynayası deyiləm. Lazım olan səviyyədə məşqlər keçirilir, individiual oyunlarda iştirak edirlər. Onların işi bugünkü gün üçün pis deyil.
– Millinin idman direktoru İlqar Qurbanov bildirib ki, keçmiş AFFA rəhbərliyinin dövründə yığmaya sifarişlə oyunçular dəvət olunublar. Siz də həmin dövrdə millidə çalışmısınız…
– Məni düz başa düşün. Qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar sovet dövründən qalma düşüncədir. Kimsə guya zəng edir, kimsə tapşırır. Həmişə demişəm ki, bacarıqlı oyunçuya görə kimsə zəng etmir. Bu gün üçün belə şeyin olmasını görməmişəm, şahidi olmamışam. Kiminsə vaxtında nəsə olubsa, bilmirəm. Amma bu cür fikirlər insanları futboldan uzaqlaşdırır. Görürsən ki, bir mövzu haqda aylarla yazılar yazılır. Bu, insanlarda futbola nifrət oyadır. Belə fikirlərə qeyri-ciddi yanaşıram. Həmişə daha çox pozitiv fikirlər olmalıdır ki, futbolu sevdirəsən. Sifarişlə oyunçunun gəlməsinin tərəfdarı deyiləm və mən bu komandanın baş məşqçisiyəmsə, kim sifariş verə bilər? Qeyri-ciddi yanaşıram bu fikirlərə. Verilişə baxmamışam. İlqarı görəndə soruşaram. Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağırılıb.
– Benzianın oynamaması nə ilə bağlıdır?
– “Ayaks”la oyun haqda düşünmürdük. Daha hazır olan futbolçuları meydana buraxmaq istədik. Benzia Əlcəzair millisində oynadı və uzun yoldan qayıdıb. Onu startda meydana buraxmaq riskli olardı. “Ayaks”la oyuna kimi futbolçuların hazırlığına baxacağıq.
– “Ayaks”la oyunla bağlı fikirləriniz nədir?
– “Ayaks” yaxşı komandadır. Gözəl kombinasiyaları olan rəqibə qarşı oynayacağıq. Topla daha çox oynamaq və düşünmək lazım olacaq. Onların hücumlarının qarşısını almağa çalışacağıq. Kiçik səhvdən tez və yaxşı yararlana bilən kollektivdirlər.
Şahin Cəfərov